Quterreş üzv ölkələrə müraciət etdi: BMT ciddi maliyyə böhranı ilə üz-üzə qalıb

BMT Baş katibi Quterreş üzv ölkələrə ödənilməmiş üzvlük haqları ilə bağlı müraciət edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş üzv dövlətlərə məktub göndərərək, təşkilatın ciddi maliyyə böhranı ilə üz-üzə qaldığını bildirib. Quterreş qeyd edib ki, BMT 2025-ci ili rekord həcmdə — 1 milyard 568 milyon dollar məbləğində ödənilməmiş borcla başa vurub və mövcud büdcə modeli artıq davamlı deyil.

Quterreş xəbərdarlıq edib ki, üzvlük haqlarının ödənişində irəliləyiş əldə olunmazsa, 2026-cı il üzrə proqram büdcəsinin tam icrası mümkün olmayacaq. O, həmçinin BMT-nin əsas büdcə üzrə nağd vəsaitinin iyul ayına qədər tükənə biləcəyini diqqətə çatdırıb.

Türkiyə mətbuatının xəbərinə görə, baş katib üzv dövlətləri iki seçim qarşısında olduqlarını bildirib: ya üzvlük haqlarını tam və vaxtında ödəmək, ya da mümkün maliyyə böhranının qarşısını almaq üçün BMT-nin maliyyə mexanizmlərini köklü şəkildə yenidən nəzərdən keçirmək.

BMT-yə yaxın mənbələrin verdiyi məlumata əsasən, ABŞ 2 milyard 196 milyon dollar ilə təşkilata ən çox borcu olan ölkədir. ABŞ-dan sonra Venesuela (38 milyon dollar) və Meksika (təxminən 20 milyon dollar) gəlir.