Mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı 230 vətəndaş müraciəti cavablandırılıb
2026-2027-ci tədris ili üzrə paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı 230 vətəndaş müraciəti cavablandırılıb və müvafiq qaydalara uyğun şəkildə icra olunub.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, valideynlər müvafiq məsələlərlə bağlı BŞTİ-nin Çağrı Mərkəzinə (146-1 nömrəli), [email protected] elektron poçtuna, 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edirlər.
Qeyd edək ki, I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb. I sinfə elektron qeydiyyatla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.
Vətəndaşlar daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, aprelin 15-nə kimi 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq və ya [email protected] elektron poçtuna göndərərək təklif və rəylərini verə bilərlər.
Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək tövsiyə olunur.

