ABŞ-nin sanksiya siyahısında olan Çin tankeri Hörmüz boğazından keçib

ABŞ-nin sanksiya siyahısına daxil olan Çin tankeri aprelin 14-də, çərşənbə axşamı Hörmüz boğazından keçib. Bu, mövcud blokada dövründə ilk məlum keçiddir.

Tanker Çin şirkəti olan “Shanghai Xuanrun Shipping” neft-kimya daşıyıcısına aiddir. “MarineTraffic” təşkilatının məlumatlarına görə, gəmi bazar ertəsi axşamı strateji su yolunun yaxınlığındakı ərazidə dövrə vurduqdan sonra çərşənbə axşamı erkən saatlarda boğazdan keçib.

Gəmi BƏƏ-nin Şarja şəhərindən yola düşüb və hazırda Çindəki təyinat yerinə doğru üzür.

İrandakı Xarq adasının neft ixracı mərkəzindən yola düşən başqa bir tanker də bazar ertəsi günü boğazda peyda olub və o, Səudiyyə Ərəbistanından yola düşdüyünü göstərən saxta Avtomatik İdentifikasiya Sistemi (AIS) məlumatlarını yayımlayıb.

Münaqişənin başlanğıcından bəri bir çox gəmi saxta AIS məlumatları yayımlayaraq və ya siqnallarını tamamilə söndürərək boğazdakı hərəkətlərini gizlətməyə çalışıb.//Azərtac