Antarktidada naməlum ada kəşf edilib
Almaniyanın tədqiqat buzqıran gəmisi “Polarstern”in göyərtəsində fəaliyyət göstərən beynəlxalq ekspedisiya qrupu Antarktidanın Veddell dənizində yeni bir ada kəşf edib.
Bu barədə Alfred Vegener adına Qütb və Dəniz Tədqiqatları İnstitutu məlumat yayıb.
Məlumata görə, cari ilin fevralın 8-dən etibarən 93 alimdən ibarət qrup Veddell dənizinin şimal-qərb hissəsini araşdırıb. Tədqiqatlar zamanı əvvəllər yalnız dəniz xəritələrində “təhlükə zonası” kimi qeyd olunan ərazidə yeni ada aşkar edilib.
İnstitut ekspedisiya üzvü Saymon Dreutterdən sitat gətirir: “Pəncərədən baxanda olduqca çirkli görünən bir aysberq gördük. Daha yaxından baxdıqda bunun, yəqin ki, qaya olduğunu anladıq. Sonra istiqamətimizi dəyişərək həmin əraziyə yaxınlaşdıq və getdikcə aydın oldu ki, bu, bir adadır”.
Qeyd olunur ki, ilkin hesablamalara əsasən, adanın uzunluğu təxminən 130 metr, eni 50 metr, su səviyyəsindən hündürlüyü isə təxminən 16 metrdir.
Adanın adı hələ açıqlanmayıb, lakin kəşfə sonradan rəsmi adın verilməsi planlaşdırılır.//Azərtac

