KOBİA “Caspian Oil and Gas” sərgisində xüsusi stend təşkil edəcək

Neft-qaz sənayesinin təchizat zəncirində kiçik və orta biznes subyektlərinin (KOB) iştirak imkanlarının genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Caspian Oil and Gas” sərgisində xüsusi stend təşkil edəcək.

KOBİA-dan  bildirilib ki, iyunun 1-3-də Bakı Ekspo Mərkəzində keçiriləcək 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində (“Caspian Oil & Gas”) neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq aparıcı şirkətlər bir araya gələcək. KOB subyektlərinin neft-qaz sektorunun təchizat zəncirində iştirakının artırılması, bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və KOB-ların məhsul və xidmətlərinin tanıdılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu il də sərgidə KOB-ların iştirakı üçün stend quracaq. Sözügedən stenddə ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-lar mayın 25-dək müvafiq formanı dolduraraq agentliyə müraciət edə bilərlər (https://smb.gov.az/az/nav/sergilerde-istiraka-destek). Müraciət formasında “İştirak etmək istədiyiniz tədbir” bölməsində “Caspian Oil and Gas 2026” qeyd olunmalıdır.

KOB subyektlərinin sərgidə iştirakı onların neft-qaz və energetika sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərlə birbaşa əlaqələr qurmasına, məhsul və xidmətlərinin geniş auditoriyaya tanıdılmasına, potensial təchizatçı kimi fəaliyyət imkanlarının genişləndirilməsinə, eləcə də yeni əməkdaşlıq və tərəfdaşlıq imkanları əldə etməsinə şərait yaradacaq. Neft-qaz və energetika sahəsində fəaliyyət göstərən və ya bu sektora məhsul və xidmət təqdim etmək potensialına malik KOB subyektləri sərgidə iştirak imkanından yararlanmağa dəvət olunur.