Klassik coğrafiyaçı-səyyah Hacı Zeynalabdin Şirvaninin əsərlərində Azərbaycan təbiəti

Hacı Zeynalabdin Şirvani XVIII əsr qlobal dünya coğrafiyasının ilk tədqiqatçı klassiklərindən biridir. Qədim dünya coğrafiyası elminin təkamülündə, onun müasir elmi-nəzəri cəhətdən yeni ideyalarla zənginləşməsində, xüsusilə müasir dünya coğrafiyasının xəritələşməsində və coğrafi koordinatların hazırlanmasında Hacı Zeynalabdin Şirvaninin elmi yanaşmalarının əvəzsiz xidmətləri olmuşdur.
Hacı Zeynalabdin Şirvaninin ömür coğrafiyasının ən böyük arzu və ideyalarından birincisi doğma Azərbaycanı, xüsusilə ayrılmaz doğma vətəni- qədim Şamaxını yenidən görmək olmuşdur. Çünki, O Azərbaycandan – vətən yurdu Şamaxıdan çox erkən vaxtlardan 5 - yaşında ikən ayrılmışdır. Ömür vəfa verdikdən sonra o özünün ilk səyahəti zamanı İrandan Savalan dağının ətəklərinə, oradan da Talış dağlarının şərq yamacı boyunca qədim Lənkaran meşələrinin ecazkar mənzərəsini seyr etmiş və bəyənmişdir. Xüsusilə, Lənkaran bölməsinin təbii landşaftının rəngarəngliyi, sıx meşələrlə əhatə olunmuş ibtidai kəndlərin coğrafi sıralanması səyyahda doğma Azərbaycanın gələcək inkişaf dinamikasının prespektiv proqnozunu vermişdir. Hələ 200 il bundan əvvəl qədim Lənkaran şəhərinin coğrafiyasında 700-dən çox yaşayış məntəqəsinin olması coğrafi – regional məkanın gələcəyinə daha böyük ümidlər verirdi. Çünki, insan amilinin faydalı gələcəyi - antropogen dinamikası sözsüz, ərazinin gələcək coğrafi potensialının əsasını müəyyən edir. Qeyd etmək lazımdır ki, Talış dağlarının cənub-şərq yamacındakı müasir landşaft qurşaqlarının azonallıq prinsipində yerləşməsi Hacı Zeynalabdin Şirvani əsl coğrafiyaçı kimi hələ 200 il bundan əvvəl müşahidə etmiş və real fikir söyləmişdir. Hazırda Talış dağlarındakı landşaft qurşaqlarının azonallıq strukturu yəni qeyri- zonallıq əlamətlərinin əsası hazırda müasir elmi-metodiki yanaşmalarla daha dəqiq öyrənilmişdir. Müəyyən olunmuşdur ki, Talış dağları ilə Xəzər dənizinin qarşılıqlı sipərlik əlaqələri təbiətdə azonallıq prosesinin yaranmasının əsas səbəbkarı olmuşdur.
Səyyah Talışın təbiətindən, onun tarixi və təsərrüfatından yazdığı məlumatlar indi də tarixi bir xatirə kimi qarşılanır. Hələ o vaxtlar Lənkaran və Talış vilayətinin coğrafi məkan kimi koordinatlarını daha dəqiq vermişdir. Göstərilir ki, o zamanlar Lənkaran əyaləti İranın siyasi-ictimai boyunduruğundan qurtarmaq üçün Rusiya dövlətinə müraciət edib kömək istəmişdir. Bu kimi tarixi məlumatlar eyni zamanda Azərbaycanda ictimai-siyasi təkamülün formalaşmasında rus xalqı ilə Azərbaycan xalqı arasındakı coğrafi yaxınlıq və dostluğun böyük tarixə malik olduğunun göstəricisidir. Səyyah qeyd edir ki, Azərbaycan ərazisi özünün daxilində bir neçə dəfə yeni rəsmi Bakı, Talış, Qarabağ, Gəncə, Şəki xanlıqları arasında parçalanmışdır. Onlar bir – birləri ilə mütamadi vuruşmalar aparmışlar. Bunlar da öz növbəsində Azərbaycanın vahid coğrafi məmləkət kimi təkmilləşməsinə maneçilik törətmişdir.
Səyyah Muğan çölündə Kür çayının sahillərində uzaq keçmişdə Muğan adında qədim şəhərin olduğunu xatırladır. Şəhər əhalisinin əsasən üzümçülüklə məşğul olduğunu göstərir. Həqiqət XII əsrin dünya şöhrətli Azərbaycan şairi N.Gəncəvi “Leyli və Məcnun” poemasında “Mənə Muğandan şərab gətirin” ifadəsi bu fikrin reallığını tamamlamışdır.
Bundan başqa vaxtilə Azərbaycanın Şirvan-Muğan çöllərində, böyük ərazilərini əhatə edən və kütləvi malyariya xəstəliklərinin mənbəyini lokal xarakterli intrazonal çala-çəmən və bataqlıq landşaftlarının yaranmasını səyyah hələ 1890-cı illərdə özünün nallo təkamül fikirlərində söyləmişdir. Eyni zamanda həmin illərdə Hacı Zeynalabdin Şirvani paleocoğrafi cəhətdən çox maraqlı olan tarixi Araz çayının özünə yeni müstəqil yataq açması ilk fikrini də demişdir. Həmin ərəfələrdə Araz çayının yataqyanı ərazilərində indiki intrazonal (çala-çəmən və bataqlıq) landşaftlarının əsasının qoyulması güman edilir.
Hal-hazırda Kür-Araz ovalığındakı Muğan, Şirvan, Mil düzlərinin coğrafi xüsusiyyətləri və yaxud landşaftlarını struktur-ərazilərin aralarında olan genetik fərqlər də ilk dəfə səyyahın əsərlərində qeyd olunmuşdur. Deməli, hələ 200 il bundan əvvəl Kür-Araz ovalığının landşaftı - iqlim coğrafiyasının differensial formalaşmasını və yaxud struktur-ərazi müxtəlifliyini dünyanın beşinci iqlim tipinin təsirilə əlaqələndirmişdir.
Hacı Zeynalabdin Şirvani təxminən 1826-cı illərdə Şirvan zonasından sonra Bakının akvatoriyasının landşaftı ilə tanış olur. Bakının və Abşeron yarımadasının tarixi coğrafiyası ilə daha yaxından maraqlanır. Ərazinin bəzi tarixi-coğrafi yerləri, xüsusilə tarixi Atəşgah məbədini ziyarət edir. Eyni zamanda ilk dəfə olaraq qədim Azərbaycanın o vaxtkı alim və ziyalıları ilə görüşür. Nəticədə fürsətdən istifadə edib ilk dəfə Bakı şəhərinin coğrafi koordinatlarını müəyyənləşdirir. Lakin Azərbaycanın coğrafi uzunluq dairəsinin təyinində onun fikri məşhur Nəsrəddin Tusinin astronomik yanaşması ilə üst-üstə düşmüşdü. Çox maraqlıdır ki, səyyah özü profesional coğrafiyaçı-səyyah olsa da Bakının coğrafi cəhətdən küləklər məkanı olmasını nəzərə alaraq Bakıdakı yaşayış binalarının mühafizəsi və texniki dözümlüyünün möhkəmlənməsinə dair çox dəyərli mühəndisyana təkliflər vermişdir. O təklif etmişdir ki, küləklərin çox kəskin eroziya təsirini zəiflətmək üçün xüsusilə binaların tikintisində bilavasitə cilalanmış (yonulmuş) daşlardan istifadə olunması, həmçinin damların qırlanmasını məsləhət görmüşdür. Şübhəsiz bu kimi şəhərsalma elmi-texniki təkliflər Hacı Zeynalabdin Şirvaninin zəmanəsində gərəkli-təcrübi təkliflər kimi qiymətli idi.
Səyyahın ömür coğrafiyasının demək olar ki, əsas hissəsi, eyni zamanda çoxillik coğrafi tədqiqatlar fəaliyyəti bilavasitə yaxın şərq dünyasının coğrafiyasının kəşflərilə bağlı olmuşdur. İndi qədim Şərq dünyasına daxil olan bütün coğrafi məkanlarda əhalinin milli məskunlaşma prinsiplərinin öyrənilməsi, dünya xəritəsində onların ilkin coğrafi konturları, yerli ümumi coğrafi xüsusiyyətlərinin xarakteri haqqında elmi məlumatların əsası demək olar ki, Hacı Zeynalabdin Şirvaninin adı ilə bağlıdır. Tədqiqatçı özünün çox saylı müşahidələri, elmi nəticələrinə əsaslanaraq Şərq dünyasında məskunlaşmış dövlət və məmləkətlərin coğrafiyasını yeni fikir və ideyalarla zənginləşdirmişdir. Başqa sözlə desək, səyyah qədim, bəsit təsviri yanaşmaları, həmçinin fəlsəfi coğrafi nəzəriyyələrin real coğrafi elmi-əsaslarını söyləməyə çalışmışdır. Ona görə dünya coğrafiyasının kəşfi və tarixi təkamülünə dair klassik mənbələrdə Hacı Zeynalabdin Şirvaninin nailiyyətləri şərq dünyasının coğrafi tədqiqatcısı və klassik coğrafiyaçı-səyyah kimi dəyərləndirilmişdir.
Dünya coğrafiyasının klassikləri sırasında özünə layiqli yer tutan Hacı Zeynalabdin Şirvani 1780-ci ildə avqustun 16-da Azərbaycanın tarixi-coğrafi mədəniyyət mərkəzlərin­dən olan qədim Şamaxı məmləkətində doğulmuşdur. Onun dünya coğrafiyasının tətqiqində, klassik şərq coğrafiya sahəsində böyük bilik sahibi olmasında, püxtələşməsində öz zəmanəsinin ən görkəmli ziyalısı, atası İsgəndərin böyük köməyi və təsiri olmuşdur. Axund İsgəndər qədim Şirvan məkanında böyük nüfuza malik tanınmış ruhani olmuşdur. Tarixi-coğrafi mənbələrdə Hacı Zeynalabdin Şirvaninin həyat məcrası haqqındakı müxtəlif məlumatlar da maraqlıdır. Bəzi mənbələr göstərir ki, 1785-ci ildə Hacı Zeynalabdin Şirvani öz ailəsi və yaxın qohumları ilə birgə Yaxın Şərq məmləkətində yaxşı tanınan Kərbala şəhərinə köçmüşlər. Lakin həmin ərəfələrdə Hacı Zeynalabdin Şirvaninin neçə yaşında olması maraqlı mübahisələrə səbəb olmuşdur. Bəzi mənbələrdə onun Kərbəla şəhərinə köçməsi ərəfəsində cəmi altı aylıq olması göstərilir. Məsələn məşhur tarixçi-coğrafiyaçı Abbasqulu Ağa Bakıxanov, tanınmış ictimai xadim Firudun bəy Köçərli bu fikirlərin tərəfdarı kimi göstərilir. Lakin tanınmış tarixçi Ağamir Quliyevin və Hacı Zeynalabdin Şirvani ilə yaxın münasibətləri olan İran tədqiqatçısı Məsiməlişah Şirazi o vaxtlar onun beş yaşında olması fikrini təsdiqləmişdir. Hacı Zeynalabdin Şirvani hələ çox gənc yaşlarından təbiətdə baş verən müxtəlif təbii hadisələrin coğrafi yaranma səbəblərini öyrənməyə maraq göstərmişdir. Xüsusilə hər hansı coğrafi məkan daxilində bu təbii proseslərin coğrafi-genetik qanunauyğunluqlarının daxili mexanizm prosesini öyrənməyə çalışmışdır. Lakin o zamanlar dəqiq texnoloji cihaz və müşahidə avadanlıqlarının olmaması çox vaxt təbiətdə baş verən lokal hadisələrin dəqiq baş verməsi səbəblərini elmi cəhətdən dəqiq öyrənmək mümkün olmurdu. Ona görə çox vaxt tədqiqatçıların əldə etdikləri ilkin fikirləri nəticəsiz, bəsit və təsviri xarakterli olmuşdur. Lakin həmin bəsit fikirlər və təsviri ideyalar öz zamanında sadə elmi yanaşmalar olmamışdır. Əslində onlar klassik coğrafiya elminin, elmi-nəzəri problemlərinin müəyyənləşməsinə və yeni elmi metodoloji yanaşmaların yaranması təkamülünün bünövrəsini qoymuşdur. Bu baxımdan məşhur coğrafiyaçı səyyah Hacı Zeynalabdin Şirvaninin və yaxud digər klassik coğrafiyaçıların zaman-zaman söylədikləri yeni fikirləri öz növbəsində müasir coğrafiya elmində yeni, konstruktiv elmi nəzəriyyələrin və tətbiqi metodoloji yanaşmaların meydana gəlməsinin və problemlərin həllinin səbəbkarı olmuşdur. Yəni klassik coğrafi fikirlərin tədricən təkmilləşərək müasir nəzəri tətbiqi və konstruktiv coğrafiya elminin təməli çevrəsini daha da möhkəmləndirmişdir. Həqiqətən bütün elm sahələrində olduğu kimi klassik elmi ideyaların və yaxud ibtidai fikirlərin nəticələri müasir coğrafiya elminində bütövlükdə onun inkişaf dinamikasında aparıcı rol oynamışdır. Məsələn, IV-V əsrlərdən başlamış qədim dünyanın tarixi-coğrafi formalaşması, qanunauyğunluqları və qlobal differensiyasını öyrənən klassiklər Herodot, Strabon, Ptolemey, Humbolt kimi dünyəvi elm xadimləri elmi-nəzəri fikirlərində bu cür çoxillik müqayisələrin nəticələrinə təkrar-təkrar əsaslanmışlar.
Ona görə IV-V əsrlərdən başlamış hazırda XXI əsrə kimi dinamik inkişaf yolunun müasir dünya coğrafiyasının qlobal formalaşması nəzəriyyələri bilavasitə bu klassiklərin fikir və ideyalarına söykənmişdir.
Məlum olduğu kimi bütün dünyanın makro coğrafiyasını şimal və cənub yarımkürəsi kimi şərtləndirən və yaxud yer kürəsini iki yerə bölən ekvator xəttinin uzunluğu 40000 km-ə bərabərdir. Lakin Hacı Zeynalabdin Şirvani 40 il ərzində qədim şərq dünyasının başına dolanaraq 60 min km-dən çox məsafə qət etməklə dünyanı səyahət etmişdir.
Hacı Zeynalabdin Şirvani coğrafi kəşflər səlnaməsinə ilk olaraq İran İslam Respublikasından başlamışdır. Lakin qədim Hind okeanının və nəhəng Sakit okeanın akvatoriyasının maraqlı təbiətini təhlil etmişdir. Ömrünün 40 ilini səyyahlıq sənətinə bəxş etmiş Hacı Zeynalabdin Şirvani Avropa, Asiya Afrika ölkələrini qarış-qarış gəzmiş və hər bir məmləkətin özünəməxsus coğrafi xarakteristikasından əlavə qədim milli mədəniyyəti, adət-ənənəsi, coğrafi məskunlaşma prinsiplərinə və iqlimi-təbiətinə dair maraqlı məlumatlar klassik coğrafiyaçının elmi dəyərində yer almışdır.
H.Z.Şirvanini ilk coğrafi səyahət marşrutu ərəfəsində 30-dan çox ölkə və şəhərlər haqqında (yəni Bağdaddan başlamış cənubi şərq istiqamətində Hindistan-Çin ölkələri daxil olmaqla) xəritə sxem və təsviri coğrafi məlumat toplamışdır.
Onun Kiçik Asiya, İran yaylasından keçməsi, Mərkəzi Asiya, Ərəbistan səhralarını, uzaq Sudan savannalarının biomüxtəlifliyini seyr etməsi, Hindistan, Hindçin tropik meşələrin ecazkar mənzərəsinin ilk legendası Hacı Zeynalabdin dünyasının coğrafi səlnaməsini tamamlamışdır. Asiya ilə Afrikanı birləşdirən nəhəng Nil çayı dünya coğrafiyaçıları və səyyahlarını həmişə maraqlandırmışdır. Onun orta və aşağı axınlarında insanların yaratdığı qədim mədəniyyəti, xüsusilə aqroistehsal təsərrüfat xüsusiyyətlərinin planlı coğrafiyalaşdırılması dinamikası ilk dəfə Hacı Zeynalabdin Şirvani tərəfindən tarixləşdirilmişdir. Dünyanın keçilməz dağlıq ölkəsi olan möhtəşəm “Hindquş”, “Tyan-Şan, dünyanın ən uca dağ silsiləsi olan Himalay, Pamir kimi keçilməz dağ sədlərini aşaraq uzaq Afrikanın Həbəşistan yaylasına qalxması, qədim Şərq ölkələri ilə Afrika arasında coğrafi körpü yaratmışdır. Deməli, məşhur həmyerlimiz klassik coğrafiyaçı səyyahlıq sənətinə qəlbən dərindən bələd olmuşdur. Beləliklə, səyyah ömür coğrafiyası səlnaməsində şərq dünyasının yüzlərlə yaşayış məkanları arasındakı fərqi və tarixi-coğrafi ünvanlarını müəyyənləşdirmişdir. Bu kimi çətin və qlobal dəyərli xidmətləri, dünya coğrafiyasının materikləşməsi konfiqurasiyası, məskunlaşması tarixində klassik coğrafiyaçı səyyahın tarixi-coğrafi nüfuzunu daha da artırmışdır. Çünki, onun məqsədli, səmərəli səyahətləri nəticəsində dünyanın xəritəsinə yeni konturlar, minlərlə iqtisadi-coğrafi məkanların, dünya coğrafiyasının ensklopediyasına yeni-yeni əhəmiyyətli məlumatlar əlavələr verilmişdir. Həqiqətən başqa cürə desək, Hacı Zeynalabdin Şirvani dünya coğrafiyasının memarlarından biri olmuşdur. Bu materialların əsasında yazılmış dörd fundamental kitabların nüsxəsi indi məşhur səyyahın 239 illik ömür coğrafiyasının yaradıcılıq səlnaməsi coğrafiyanın tarixində və elmi yaddaşlarda bundan sonra da yaşadacaqdır.
Hacı Zeynalabdin Şirvani şəxsiyyəti dünya coğrafiyasının tarixində təkcə kamil səyyah və coğrafiyaçı mütəxəssisi kimi məhdudlaşmırdı, eyni zamanda dünyanın coğrafi təkamül dinamikasını yaxşı anlayan tarixçi, etnoqraf, fəlsəfi nəzəriy­yəçi, həmçinin zəngin bədii təfəkkürlü ədib və şairlik keyfiyyətlərinə malik olmuşdur. Maraqlısı odur ki, Hacı Zeynalabdin Şirvani klassik bədii ədiblər kimi özünə “təmkin” təxəllüsü altında çoxlu şeirlər yazmış və özünün poetik ədəbi-coğrafi dünya görüşünün əsas hissələrini isə yazılarında əks etdirmişdir. Hazırda bu coğrafi ədəbi elmi tədqiqatçının əsərləri dünyanın qədim coğrafi məkanlarında (Rusiya, Hindistan, Polşa, İngiltərə, Fransa, Çin, İran. Turkiyyə. Əfqanıstan və s.) şərqşünaslıq mütəxəssisləri tərəfindən layiqincə qiymətləndirilir.
Hacı Zeynalabdin Şirvani hələ çox gənc yaşlarından milli vətənpərvərlik hisslərinə daha sadiq olmağa çalışmışdır. Onun ən bariz nümunəsi doğma Azərbaycan dilinə hörmət və məhəbbət bəsləməsi olmuşdur. Özünün hələ beş yaşında olmasına baxmayaraq, həmişə Azərbaycan dilində mütaliyyə etməsi, doğma milli dilinə, adət-ənənəsinə hörmət kimi dəyərləndirmişdir. Hacı Zeynalabdin Şirvani şərq dünyasının dillərinə olduqca böyük hörmətlə yanaşmşdır. Dünyanın ərəb, fars, türk, türkmən hətta hind dillərində sərbəst ünsiyyət yaratmış və yaradıcılıq həyatının şaxələnməsində geniş istifadə etmişdir. Ona görə onun klassik coğrafiya elminin, elmi-nəzəri dərinliklərinə və müxtəlif dövlətlərin tarixi-coğrafi takamülü, onların milli-adət ənənələri haqqında dərin biliyə malik olmuşdur.
Bunların özü də klassik elmi nəzəri biliklərin və dərin elmi bazasının yaranmasında dünya coğrafiya elminin klassiki kimi formalaşmasında mühüm şərt olmuşdur. Xüsusilə dünya coğrafiyasının inkişafında və dünyanın qitə, mareiklər çevrəsində paylanmasında ümumi geocoğrafi differensasiyası mexanizmini öyrənilməsində böyük elmi bilik bolluğuna sahib olmuşdur.
Hacı Zeynalabdin Şirvani həqiqətən bütün dünyanın coğrafi kəşflərin tarixi və sayyahları tarixi mənbələrində klassik coğrafiyaçı-səyyah kimi tanınırdi. Məşhur ingilis tədqiqatçısı Eduard Braun Hacı Zeynalabdin Şirvanini “Böyük zəka sahibi və Qabil müşahidəçi” adlandırmışdır. Fransız alimi və səyyahşünası E.Beoşenin, M.Şeferin Hacı Zeynalabdin Şirvaninin səyyahlıq fəaliyyətini yüksək qiymətləndirmişdir. Fransız tədqiqatçısı Anri Masse Hacı Zeynalabdin Şirvaninin topladığı coğrafi materialların əsasında üç böyük kitab yazmasını, Misirdə olarkən (1809-cu ildə) onun Misir hakimi İbrahim bəylə yüksək səviyyəli görüşünü xüsusi qeyd etmişdir.
Hacı Zeynalabdin Şirvani öz dövrünün tanınmış rusiyalı tədqiqatçıları ilə də sıx yaradıcılıq əlaqələri olmuşdur. Səyyahın Rusiya elm içtimaiyyətində tanınmasında coğrafiyaçılarla bərabər tanınmış şərqşünas N.V.Xanıkovun bilavasitə səyi nəticəsində Hacı Zeynalabdin Şirvaninin “Riyazüs səyyahə” ilk əsərini Sankt-Peterburqda “Asiya” muzeyinə hədiyyə verilmişdir. Eyni zamanda həmin əsərin Avropa elm içtimayyətinə çatdırılmasında N.V.Xanıkovun mühüm rolu olmuşdur.
Son olaraq qeyd etmək lazımdır ki, Hacı Zeynalabdin Şirvaninin dünya coğrafiyasının təkamülü, xüsusilə Şərq dünyasının coğrafiyası, fikir və ideyalarını müasir elmlə müqayisədə tamamilə real həqiqət kimi qəbul olunması mümkün olmaz. Ancaq onun fikir və ideyaları müasir coğrafiya elminin tədqiqat problemlərinin həlli məsələsində və yaxud müasir coğrafiya elminin yeni elmi-nəzəri metodoloji, yaxud təcrübi yanaşmaların yaranmasında ilk elmi yaradıcı təşəbbüs kimi böyük əhəmiyyət kəsb edir. Onun dünyanın coğrafiyasına və formalaşmasına aid fundamental əsərləri müasir coğrafiya elminin və yaxud problemlərinin həlli məsələsində gərəkli təcrübədir.

Abil Haqverdyev
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda şöbə müdiri, coğrafiya elmləri üzrə fəlsəfə doktoru