Bu ölkədə ay təqvimi ilə 4719-cu il başlayıb

Şərq ölkələrinin ay təqvimi ilə bu gün – milad təqvimi ilə fevralın 12-si Yeni ilin ilk günüdür.

 Yeni ilin başlaması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Çində bu hadisə həm də yaz festivalı adlanır.

Çin zodiak sisteminə əsasən, bu il öküz ilidir. Öküz zəhmətkeşliyi, xeyirxahlığı, dürüstlüyü və inadkarlığı təcəssüm etdirir.

Çinlilərin ən əziz bayramı olan yaz festivalı bir çox ənənələri və ayinləri ilə də zəngindir. Bahar festivalı tarixi, mədəni irsi, həmçinin Çin sivilizasiyasının məğzini özündə ehtiva edir. İnsanlar yeni ilə bir neçə gün əvvəldən hazırlaşır, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. Evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fənərlərlə bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır. Bayram günü qırmızı geyinmək də növbəti ildə uğurlara yol açır.

COVID-19 pandemiyası səbəbindən ikinci ildir ki, Çində kütləvi bayram şənlikləri təşkil olunmur. Buna baxmayaraq, əhali bayram əhval-ruhiyyəsindədir.

Yaz festivalı 15 gün davam edir və həmin müddətdə süfrəyə qoyulan hər bir yeməyin öz mənası var. Adətə görə bayram süfrəsində boş yer olmamalıdır. Yeni il süfrəsində əsas xörək Çin düşbərəsidir. Bunun əsas səbəbi odur ki, yeni il gecəsində bıçaqdan istifadə etmək olmaz. Yerli inanca görə, bıçaqdan istifadə edənlər, özü də bilmədən, bıçaqla öz xoşbəxtliyini zədələyə bilərlər. Düşbərəni isə bıçaqsız yemək olar. Bayram günləri qonaq getmək, böyüklərə baş çəkmək olduqca vacibdir.

Yaz festivalının ən əlamətdar hadisələrindən bir də Çin Mərkəzi Televiziyasının (CCTV) yeni il axşamı təşkil etdiyi qala konsertdir. 1983-cü ildən bəri təşkil olunan konsertdə tanınmış incəsənət ustaları və xaricdən dəvət olunan qonaqlar çıxış edirlər. Ötənilki qala konsertini televiziya və internet vasitəsilə onlarla ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. CCTV-nin qala-konserti tamaşaçı sayına görə Ginnesin Rekordlar kitabına düşüb. Keçənilki konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblının 21 nəfərlik heyəti “Qaytağı” rəqsini ifa edib.

Qeyd edək ki, Yaz festivalı ilə əlaqədar ölkədə bir həftə qeyri-iş günləri hesab olunur. Özəl sektorda qeyri-iş günləri 20-30 gün davam edir. Çinlilərin böyük hissəsi bu fürsətdən istifadə edərək ölkə daxilində və xaricə gəzməyə gedirdilər. Amma qeyd etdiyimiz kimi, pandemiya səbəbindən bu il xaricə səfərlər olmayıb, ölkə daxilində isə səyahətlər minimum səviyyədə olub.//AZƏRTAC