Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinə Ermənistanın törətdiyi genişmiqyaslı dağıntılar barədə məlumat verilib

Aprelin 11-də ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda dəyirmi masa təşkil olunub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, xarici işlər naziri Ceyhun Bayramovun, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin də iştirak etdikləri tədbirə dünyanın 15 ölkəsindən aparıcı beyin mərkəzlərinin nümayəndələri qatılıblar.

Tədbirdə çıxış edən nazir Ceyhun Bayramov iştirakçılara münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət, üçtərəfli bəyanatlar və onların icrasına dair məsələlər, işğal faktorunun aradan qaldırılması ilə beynəlxalq hüququn prinsipləri, xüsusilə də beynəlxalq miqyasda tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə ciddi riayət edilməsi əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanının yaranması, azad edilmiş ərazilərdə vəziyyət, Ermənistan tərəfindən törədilmiş genişmiqyaslı dağıntılar və qanunsuz fəaliyyət barədə ətraflı məlumat verib.

Azad edilmiş ərazilərin bərpa, yenidənqurma və reinteqrasiyasından bəhs edən nazir, bu ərazilərə həyatın yenidən qaytarılması üçün görülən tədbirlərdən danışıb. Nazir Ceyhun Bayramov üçtərəfli bəyanatların icrasına maneə olan və bölgədə yaranmış əməkdaşlıq imkanlarına təhlükə törədən məsələlər barədə iştirakçıları məlumatlandırıb, bu xüsusda Ermənistanın Azərbaycan ərazisinə hərbçilərini gizli şəkildə keçirmək cəhdləri, mina xəritələrinin Azərbaycana təqdim etməkdən imtina etməsi, rəsmi Yerevanın revanşist açıqlamaları və digər məsələləri vurğulayıb.

Tədbirin sonunda nazir iştirakçıların çoxsaylı suallarını cavablandıraraq, bölgədə Rusiya sülhməramlılarının rolu, beynəlxalq təşkilatların hazırkı prosesə mümkün töhfəsi, Azərbaycana qarşı aparılan dezinformasiya və saxta məlumatların yayılması ilə mübarizə, regional əməkdaşlıq imkanları və digər məsələlər barədə Azərbaycanın mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.