Dünyanın ən təhlükəli 7 vulkanı açıqlanıb
Vulkanlar çox vaxt püskürmələrinin gücünə görə qiymətləndirilsə də, vulkanoloqlar təhlükə dərəcəsini başqa meyarlarla müəyyənləşdirirlər. Vulkanın partlayış potensialı əhalinin sıx məskunlaşdığı ərazilərlə, mühüm infrastruktur obyektləri ilə və ya dağıdıcı püskürmələrin zəngin tarixi ilə üst-üstə düşdükdə, həqiqətən təhlükəli hesab olunur.
Planetin ən təhlükəli vulkanlarından bəziləri onilliklərdir fəaliyyət göstərməsə də, digərləri mütəmadi olaraq püskürür və mütəxəssislərin daimi nəzarəti altındadır. Aşağıda İtaliyanın əhalinin sıx yaşadığı vulkanik bölgələrindən tutmuş İndoneziyanın tez-tez fəallaşan vulkanlarına və Afrikanın sürətlə axan lavaları ilə tanınan nəhəng vulkanlarınadək, ekspertlərin Yer üzündə ən ciddi təbii təhlükələrdən hesab etdiyi yeddi vulkan sadalanır.
1. Vezuvi
Vezuvi milyonlarla insanın yaşadığı Neapol şəhərinə yaxın yerləşdiyi üçün bu gün də dünyanın ən təhlükəli vulkanlarından biri sayılır. O, eramızın 79-cu ilində Pompey və Herkulanum şəhərlərini məhv etmiş püskürməsi ilə tarixə düşüb. Ancaq hazırda əsas təhlükə onun keçmişi ilə deyil, gələcəkdə baş verə biləcək piroklastik axınların və kül yağışının təsir dairəsində qala biləcək insanların sayının çoxluğu ilə bağlıdır. Mütəxəssislər Vezuvini daim planetin ən təhlükəli vulkanları sırasına daxil edirlər.
2. Merapi
Yer üzünün ən fəal vulkanlarından biri olan Merapi mütəmadi püskürür və yamacları boyunca böyük sürətlə hərəkət edən ölümcül piroklastik axınlar yaradır. Vulkanın ətrafında, o cümlədən Cokyakarta şəhərinin yaxınlığında milyonlarla insan yaşayır. Tarix boyu baş verən çoxsaylı dağıdıcı püskürmələr Merapini Cənub-Şərqi Asiyada ən ciddi nəzarət altında saxlanılan vulkanlardan birinə çevirib.
3. Nyiraqonqo
Nyiraqonqo bu siyahıdakı digər vulkanlar qədər məşhur olmasa da, təhlükəliliyinə görə onlardan geri qalmır. Bu, qeyri-adi dərəcədə duru lavası ilə tanınır. Bu lava adi lava axınlarından çox sürətlə hərəkət edir. Vulkan təxminən iki milyon nəfərin yaşadığı Qoma şəhərinin üzərində ucalır. Əvvəlki püskürmələr zamanı lava axınları şəhərin məhəllələrindən keçib və sakinlərin kütləvi şəkildə təxliyə olunmasına səbəb olub.
4. Fleqrey çölləri
Çox vaxt diqqət mərkəzində Vezuvi olsa da, Fleqrey çölləri uzunmüddətli daha böyük təhlükə yarada bilər. Bu nəhəng vulkanik kaldera Neapol aqlomerasiyasının bir hissəsinin altında yerləşir və son illərdə fəallığının artdığını göstərən əlamətlər nümayiş etdirir. Alimlər onu Yer üzünün ən təhlükəli vulkanik sistemlərindən biri hesab edirlər. Yaxınlığında milyonlarla insan yaşayır, mümkün püskürmənin gücü isə adi vulkanların gücünü xeyli üstələyə bilər.
5. Taal vulkanı
Ölçüləri böyük olmasa da, Taal püskürmələrinin dağıdıcı tarixi və sıx məskunlaşmış ərazilərin yaxınlığında yerləşməsi səbəbindən dünyanın ən təhlükəli vulkanlarından biridir. Vulkan su ilə dolu kalderanın içində yerləşir və bu xüsusiyyət püskürmələrin gücünü daha da artıra bilər. Güclü kül tullantıları dəfələrlə bütün bölgədə həyatı pozub və təhlükə zonasından uzaqda yerləşən ərazilərə də təsir göstərib.
6. Reynir
Reynir üçün əsas təhlükə lava axınları deyil. Ən böyük risk püskürmə zamanı vulkanın geniş buzlaqlarının əriməsi nəticəsində yaranan nəhəng palçıq-daş axınları – laharlardır. ABŞ Geoloji Xidməti Reyniri ölkənin ən təhlükəli vulkanlarından biri hesab edir. Belə axınlar Sietl–Takoma bölgəsinin sıx məskunlaşmış vadilərindən keçərək yüz minlərlə sakinə təsir göstərə bilər.
7. Sakuradzima
Sakuradzima planetin ən fəal vulkanlarından biridir və mütəmadi olaraq kül və digər püskürmə məhsulları xaricə atır. Kaqoşima şəhərinin yaxınlığında yerləşən bu vulkan fasiləsiz nəzarət altındadır. O göstərir ki, yaxınlıqda çoxlu insan yaşadıqda hətta nisbətən kiçik püskürmələr də ciddi təhlükə yarada bilər. Daimi fəallığı və yüksək partlayış potensialı Sakuradzimanı dünyanın ən təhlükəli vulkanları sırasında saxlayır.
Vulkanı həqiqətən təhlükəli edən nədir?
Vulkanın təhlükəsi yalnız onun püskürməsinin gücü ilə müəyyən olunmur. Əsas amillərdən biri də təsir zonasına nə qədər insanın və hansı obyektlərin düşməsidir. Yaxınlıqda iri şəhərlər, nəqliyyat qovşaqları və mühüm infrastruktur obyektləri yerləşirsə, hətta nisbətən zəif püskürmə də ağır nəticələrə səbəb ola bilər. Məhz buna görə dünyanın ən təhlükəli vulkanlarının bir çoxu gecə-gündüz nəzarətdə saxlanılır, onların ətrafında isə əhalinin vaxtında xəbərdar edilməsi və təxliyəsi üçün mürəkkəb sistemlər fəaliyyət göstərir.//Trend

