NEFT-QAZ SAZİŞLƏRİNİN ÖLKƏNİN SOSİAL-İQTİSADİ VƏZİYYƏTİNƏ TƏSİRİ

Elnur İbiş oğlu Səfərov, SOCAR, GGİ, böyük geoloq

Neft-qaz sazişlərinin nəticələrinə baxsaq görərik ki, iqtisadi baxımdan bu istiqamətdə əldə olunan gəlirlər ölkə iqtisadiyyatına müxtəlif formalarda təsir göstərir. Aparılan uğurlu fəaliyyət nəticəsində yeni sazişlərə investorların cəlb olunması və bu istiqamətdə işlərin icrasının təmin olunması ölkənin həm siyasi arenada həmdə daxili sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır.

Heydər Əliyevin apardığı uğurlu siyasət Azərbaycanın güclü, davamlı iqtisadi inkişafa malik ölkəyə çevrilməsində mühüm rol oynamışdır. Məhz onun rəhbərliyi ilə Azərbaycan tarixində siyasi, iqtisadi, strateji əhəmiyyətə malik olan “Əsrin Müqaviləsi” sazişi imzalanmışdır. Bu saziş keçmiş Sovet İttifaqından ayrılan müstəqil ölkələrə ilk nəhəng sərmaya qoyuluşu idi. Bununla yeni dövr Azərbaycan neft strategiyasının demək olar ki, əsası qoyulmuşdur.

1995-ci ilin noyabr ayında Azərbaycan tarixində növbəti böyük neft sazişi imzalandı. Bu saziş “Qarabağ” yatağını əhatə edirdi. Müqavilədə SOCAR, LUKACİP, Penzoil, Lukoil, ACİP şirkətləri iştirak edirdi. Sonralar bu saziş fəaliyyətini dayandırdı və 2018-ci ildə yatağın işlənməsi ilə bağlı yeni saziş imzalandı. “Şahdəniz” perspektivli sahəsinin kəşfiyyatı, işlənməsi haqqında 1996-cı ilin iyun ayında SOCAR, BP, Lukoil, Elf, OİİC, Statoil, TPAO şirkətləri arasında saziş imzalandı. Layihə üzrə aparılan ilkin araşdırmalar nəticəsində yataqda 1.2 trilyon m3 qaz, 240 mln ton kondensatın olması müəyyən olundu. Bu saziş demək olar ki, əsrin müqaviləsindən sonra ikinci böyük layihə idi. Şahdəniz yatağının ikinci mərhələsinin işlənməsi üçün 2013-cü ilin dekabrında yeni müqavilə bağlandı. Müqaviləyə uyğun olaraq layihəyə 28 mlrd. dollar sərmayənin ayrılması nəzərdə tutulmuşdur. 1996-ci ildə Dan Ulduzu və Əşrəfi perspektivli yataqlarının birgə işlənməsi üzrə SOCAR, Amoko, Unokal, İtoçu, Delta-Hess şirkətləri arasında hasilatın pay bölgüsü sazişi imzalandı. Sonralar bu saziş fəaliyyətini dayandırdı və 2018-ci ildə yataqların işlənməsi üzrə yeni bir saziş imzalandı. Əsrin Müqaviləsi 14 sentyabr 2017-ci ildə yeniləndi və yeni müqavilə 2050-ci ilə qədər uzadıldı. SOCAR-ın bu sazişdə pay 11.65 %-dən, 25 %-ə qədər artırıldı. Bu müqavilədə Azərbaycanın payı 75 % müəyyən olundu.

2018-ci ildə Əşrəfi-Dan Ulduzu-Aypara yataqları ilə bağlı saziş imzalanmışdır. Həmçinin həmin il Qarabağ neft yatağının işlənməsi haqqında da saziş imzalanmışdır.

Azərbaycanda neftin 1846-cı il sənaye üsulu ilə çıxarılmasından 01.01.2021-ci il tarixinə qədər 2.11 mlrd. tondan artıq neft, 900 mlrd. m3 qaz hasil olunmuşdur. Həmçinin 1997-ci ildə Azəri-Çıraq-Günəşli yataqları üzrə hasilata başlandıqdan sonra 01.01.2021-ci il tarixinə qədər 523.9 mln. ton neft, 176.7 mlrd. m3 qaz hasil edilmişdir. Bu yataqlardan hasil edilən neftin 309.4 mln. tonu Azərbaycanın mənfəət nefti kimi satılaraq ölkə iqtisadiyyatının inkişafına təkan vermişdir[1].

Əsrin müqaviləsi üzrə fəaliyyətə başlanıldıqdan sonra Azərbaycan neft sənayesinə daxili və xarici sərmayələrin artımı baş vermişdir. Buda ölkə sənayesinin müxtəlif istiqamətlərdə inkişafına səbəb olmuşdur.

SOCAR-ın 2020-ci il illik hesabatına əsasən Bakı-Tiblisi-Ceyhan əsas boru kəmərinin BP şirkətinin məlumatına görə əməliyyat xərcləri 111 mln. ABŞ dolları, əsaslı xərcləri isə 29 mln. ABŞ dolları olmuşdur. 2020-ci ildə BTC üzrə 27.8 mln ton xam neft nəql edilərək Ceyhan limanına çatdırılmış, 278 tankerə yüklənib dünya bazarlarına çıxarılmışdır. Azəri-Çıraq-Günəşli yataqları üzrə 2020-ci ildə 531 mln. ABŞ dolları əməliyyat və 1 mlrd. ABŞ dolları əsas məsrəflər xərclənmişdir. Şahdəniz yatağı üzrə 1 mlrd. ABŞ dollarından artıq əməliyyat xərcləri, 942 mln. ABŞ dolları əsaslı xərclər çəkilmişdir. 31 dekabr 2020-ci ildə Şahdəniz yatağı üzrə ilk dəfə olaraq Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə kommersiya qazının nəqlinə başlanılmışdır. 2020-ci ildə Trans-Anadolu Qaz kəməri vasitəsilə Türkiyəyə 8.38 mlrd. m3 qaz çatdırılmışdır. Trans Adriatik Boru kəmərinin tikintisi 2020-ci ildə yekunlaşdırılmış, Azərbaycan qazı Yunanıstan Türkiyə sərhəddindən Cənubi İtaliyadakı təbii qazın qəbul terminalına qədər təbii qazla doldurulmuşdur[1].

Yuxarıda qeyd olunanlardan göründüyü kimi Azərbaycan müstəqillik əldə etdikdən sonra onun iqtisadiyyatının güclənməsində, ölkədə əhalinin sosial vəziyyətin yaxşıladırılmasında neft sənayesinin, neft-qaz sazişlərinin rolu olduqca böyükdür. Neft-qaz sazişlərinin ölkə iqtisadiyyatına faydasını, həmin sazişlərin imzalandığı vaxtdakı ölkənin iqtisadi vəziyyətinə baxsaq daha aydın şəkildə görə bilərik. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkədə vəziyyət olduqca acınacaqlı idi. Yeni hökümətin formalaşması, daxildə baş verən proseslər, hökümətin devrilməsi və qonşu Ermənistan tərəfindən başlanılan işğalçı müharibə ölkədə böyük həcmdə çətinliklər ortaya çıxarmışdır. Torpaqların işğal olunması nəticədə ölkədə qaçqın və məcburi köçkünlərin sayının artmasına gətirib çıxardı. Bütün bu vəziyyətlər ölkənin həm sosial həmdə iqtisadi baxımdan zəifləməsi demək idi.

Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra apardığı uğurlu siyasət nəticəsində ölkəyə xarici sərmayəçilərin cəlb olunmasına başlanıldı. Bütün diqqətlər ilkin olaraq neft sənayesinin üzərində dayanmışdır. Ölkənin həmin dövrdəki vəziyyəti tək başına neft-qaz hasilatını həyata keçirməyə imkan vermirdi. Böyük neft-qaz layihələrinin həyata keçirilməsi ölkə iqtsadiyyatının güclənməsinə, Azərbaycanın dünya ölkələri arasında mövqeyinin güclənməsinə gətirib çıxaracaqdı. Bu çətin yolda Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə bağlanan Əsrin Müqaviləsi sazişi Azərbaycan tarixinə, Azərbaycan iqtisadiyyatının inkişafına öz adını yazdırdı. Bu müqavilə ilə Azərbaycan dünyaya müstəqil dövlət olduğunu, öz təbii ehtiyatlarına özünün cavabdeh olduğunu, azad demoktratik ölkə kimi qərarlar verə biləcəyini bir daha göstərdi. Məhz bu müqavilədən sonra Azərbaycan sənayesinə xarici sərmayəçilərin axını başlandı. Azərbaycan neftinin xarici bazarlara çıxarılması üçün kəmərlərin çəkilib, istismara verilməsi ölkəyə xarici valyutanın daxil olmasına şərait yaratdı. Neft ixracından əldə olunan gəlirlər həm neft sənayesinin inkişafına həmdə sənayenin digər sahələrinin inkişafına ayrıldı. Ölkədə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, sənayenin işə salınması, yeni-yeni iş yerlərinin açılması, kənd təsərrüfatı sahələrində inkişafın təşkil edilməsi məqsədilə uğurlu işlər görüldü. Bütün bunlar aparılan uğurlu neft siyasətinin nəticəsi idi. Dövlət statistika komitəsinin məlumatına görə 1990-2020-ci illər ərzində Azərbaycanda Ümumi Daxili Məhsulun dəyəri hər il artmışdır.  Aparılmış məqsədyönlü işlər nəticəsində 2015-ci ildə ölkədə yoxsulluq səviyyəsi 4.9 faizə enmişdir. Təkcə 2015-ci ildə insanların sosial şəraitin yaxşılaşdırılması üçün 15957 mln. manat investisiya ayrılmışdır. Həmin il ÜDM 54,4 mlrd. manat olmuşdur. 2020-ci ildə isə ÜDM təxminən 72,6 mlrd. manat olmuşdur.

Neft sənayesindən əldə olunan gəlirlərin qeyri-neft sənaye sahələrinin inkişafına ayrılması nəticəsində ölkədə qeyri-neft sektoru hər il inkişaf etməkdədir və bu göstəricidə ÜDM-da qeyri neft sektorunun payının artmasına gətirib çıxarmışdır[2].

Azərbaycanın bu günə qədər bağladığı neft-qaz sazişləri gələcəyə yönəlmiş və ölkənin iqtisadi, siyasi gücünün artmasına hesablanmışdır. Bu həm ölkəyə xarici valyuta axınını gücləndirir həmdə ölkə əhalisinin sosial həyatının yaxılaşdırılmasına gətirib çıxarır. Əldə olunan gəlirlər ölkədə sənaye sahələrinin, kənd təsərrüfatının inkişafına, yeni-yeni iş yerlərinin açılmasına ayrılır ki, buda ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına şərait yaradır.

Ədəbiyyat

1.     https://socar.az/socar/assets/documents/az/socar-annual-reports/illik-hesabat-2020.pdf

2.     https://www.stat.gov.az/source/system_nat_accounts/