Kumıkların etno-siyasi birlikləri və onların müasir dövrdə sosial-siyasi proseslərə təsiri

Şimali Qafqaz Türk xalqları Rusiyanın cənubunda, Azərbaycan və Gürcüstanla sərhəddə, qərbdə Qara və Azov, şərqdə isə Xəzər dənizləri ilə həmsərhəd olan bölgələrdə yaşayırlar. Geniş mənada kompakt olaraq Rusiya Federasiyasının subyektləri olan Dağıstan, İnguşetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Şimali Osetiya-Alaniya və Çeçenistan respublikaları ərazisində məskunlaşmışlar. İnzibati baxımdan bu coğrafiya 19 yanvar 2010-cu il tarixinə qədər Cənub Federal Bölgəsi adı altında Rusiyanın 7-ci federal bölgəsi statusunda olmuşdur. Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedevin fərmanı ilə Cənub Federal Bölgəsi ikiyə bölünərək Kabarda-Balkar, Qaraçay-Çərkəz respublikaları federal mərkəzi Pyatiqorsk olan “Şimali Qafqaz” adlı yeni və sayca 8-ci federal bölgə yaradılmışdır. Yeni federal bölgə 172 360 km2 ərazisi ilə Rusiya Federasiyasının ümumi ərazisinin təxminən 1 fazini təşkil etməkdədir. Hazırda bölgədə təqribən 240 nin nəfər kumuk (32, s. 56), 300 min nəfərlik Qaraçay türkləri (29, s. 26), ümumi sayı təqribən 100 minə qədər olan balkarlar (29, s. 56) və təqribən 100 mindən artıq noqay türkü, 163 min azəri türkü yaşayır. Eyni zamanda Şimali Qafqazda 70 min türk, 3 min mesxeti türkü, 16 min türkmən yaşayır.
XX əsrin 90-cı illərindən başlayaraq Rusiyada sosial-iqtisadi və siyası vəziyyət kəskin dəyişdi və bu vəziyyət Şimali Qafqazda, Dağıstandakı etnosiyasi proseslərə daha çox təsir etməyə başladı. Yerli xarakterli gərginliklər – milli-siyası, tayfa-klan, konfessional təhlükələr müxtəlif səviyyədə ortaya cıxmağa başladıki buda regionun etnosiyasi quruluşunu pozdu. Etnik, konfessional dəyərlər vətəndaş dəyərlərindən ön sıraya cıxdı.
Həll olmamış ərazi problemləri, işsizlik, korrupsiya, ictimai-iqtisadi münasibətlərin kriminallaşması millətlərarası münasibətlərdədə gərginləşməyə səbəb oldu.
Mərkəzi hakimiyyətin bölgədə düşünülməmiş, elmi olamayan və etnosiyasi problemləri nəzərə almamaq, imtina etmək, ört-basdır etmək siyasəti etnosların siyasi təşəbbüsü öz əllərinə almasına gətirib çıxardı və buna müstəqilləşmə, demokratiya dalğası da böyük təkan verdi.
Beləliklə müstəqillik dalğası ilə bölgədə yaşayan xalqlar öz problemlərini özləri həll etmək uğrunda aktiv etno siyasi mübarizəyə başladılar. Bu, totalitar quruluşdan demokratik quruluşa keçid dövründə xalqların özünüinkişafının təbii forması kimi ortaya çıxdı. Qısa bir müddət ərzində bölgədə çoxlu sayda ictimai –siyasi hərəkatlar, milli-mədəni muxtariyyatlar, partiyalar yaranmağa başladı. Elə təkcə Dağıstan Ədliyyə nazırliyində 1993-cü ildə 139 ictimai təşkilat qeydə alındı. (ЦГА РД. Ф. 352-р. Оп. 2. Д. 9. Л. 7.)
İctimai hərəkatların ortaya çıxması etnosların öz özgürlüyünü, adət-ənənəsini, mədəniyyətini, dilini qoru­maq, milli dövlətçilik qurmaq və yaxud onu bərpa etmək uğrunda istəyindən irəli gəlir ki, buda yekunda Şimali Qafqaz kimi həssas bölgədə sonradan konfliktogen situasiyaların yaranması ilə müşaiət olundu. Milli hərəkatlar iqtisadi, mədəni, siyasi tələblərlə meydana cıxdılar ki bu tələbləri də özündə əks etdirən milli ideoloji platformaların yaranmasında etnosların aktiv siyasi hissəsi əsas rol oynadı. Dressler və Holonan milli hərəkatların iki səviyyəsini qeyd edirlər ki, bunlardan da aşağı səviyyənin məqsədi muxtariyyat və özünüidarə, yuxarı səviyyənin məqsədi isə milli dövlətçiliyin qurulmasıdır. (Дресслер-Холонан В. Национальные движения: интернационализация протеста, идеология и утопия // Этничность. Национальные отношения. Социальная практика. СПб., 1995. С. 38.)
Biz bunu Şimali Qafqazda baş verən proseslərin timsalında muşaidə edə bilərik.
Şimali Qafqazda yaşayan türk xalqları regionda baş verən proseslərin gedişində hələ Sovetlər dönəmində olduğu kimi yenidən təzyiqlərə, təqiblərə, haqsızlıqlara, ərazilərinin itirilməsinə məruz qalmamaq və eyni zamanda öz milli hüquqlarını, milli maraqlarını müdafiə etmək, öz kimliklərini, dilini, adət-ənənələrini qorumaq, yerli və mərkəzi hakimiyyətin diqqətini xalqın problemlərinin həllinə yönəltmək üçün milli ictimai hərəkatlar yaratmağa başladılar.
Bu ictimai hərəkatlar türkdilli xalqaların mübarizə əzminin formalaşmasında, xalqların özünütəşkilində, öz talelərinə sahib çıxmasında, əsas rol oynadı.
Şimalı Qafqazda yaşayaş qədim türk kimmer tayfaları nəslindən olan kumıklar hələ XX əsrin 70-ci illərində ziyalı və tələbələrin təşkilatçılığı ilə “Kumık qardaşları” təşkilatı yaratmışdılar. Onlar müxtəlif formalarda totalitar rejim tərəfindən təzyiqlərə və repressiyalara məruz qalmasına baxmayaraq ölkədə siyasi fəallığı daha da artırdılar. Təşkilat kumıkların mədəni, siyasi, iqtisadi və təməl insani hüquqlarını müdafiə etmək, bu və bənzəri sahələrdəki məsələlərinin həll edilməsi üçün təşəbbüs göstərmişdi.
Hazırda da Dağıstanda, eyni zamanda Şimali Qafqazda nüfuzlu bir qurum olan Kumık Xalq Hərəkatı “Tenqlik” özünü “Kumık qardaşları” təşkilatının sələfi hesab edir. XX əsrin 80-ci illərində, yenidənqurma illərində 9 nəfərdən ibarət təşəbbüs qrupu tərəfindən təsis olunan (mart 1989) Tenqlik təşkilatı sonradan 19 noyabr 1989-cu ildə Endirey kəndində, Kumık milli hərəkatının təsis qurultayında yaradıldı.
Təşkilatın yaradılmasında əsas səbəblər etnodemo­qrafik vəziyyətin pisləşməsi, kumıklar yaşayan ərazidə kumuk əhalisının artımının azalması, kumuk ərazilərinin, düzənliklərin Dağıstan respublikasının maraqları çərçivəsində istifadə olunması və bundan irəli gələn ekoloji problemlər, dağlar-düzənlik qarşılıqılı əlaqələri sistemində etnodemoqrafik balansın pozulması, yani kumıklar yaşayan tarixi düzənlik ərazilərinə digər xalqların yerləşməsi, aparılan torpaq-su islahatlarının milli mədəni problemlərə gətirib çıxarması, emiqrasiya, urbanizasi­ya proseslərinin artmasını göstərmək olar. Hərəkatın yaranması bir tərəfdən kumıklar arasında milli hisslərin və vətənə məhəbbətin artmasına səbəb oldu digər tərəfdən isə milli ideyanın həyata keçirilməsində yeni perspektivlərin əldə olunması, milli siyasi düşüncənin yaranmasına gətirib çıxardı, sosial-iqtisadi, siyasi məsələlərlə bağlı qərarqəbuletmədə milli mobillik yarandı. Kumıkların bir xalq olaraq qorunması və inkişafı, mədəni dirçəliş, tarixin, dilin yaşadılması və kumık dövlətçiliyinin formalaşdırılması əsas bir vəzifə kimi qarşıda dayanırdı.
Sovetlərin dağılması ərəfəsində, hərəkatın yaranmasının ilk illərində kumıklar arasında da suverenlik, öz müqəddaratını təyinetmə, müstəqillik tələbləri artmağa başlamışdı və 1990-cı ilin 9 noyabrında Mahaçalada keçirilən Tenqlik Kumık Xalq Hərəkatının II qurultayında Kumık Xalqının öz müqəddaratının təyinetmə haqqında deklarasiya qəbul olundu.
Artıq kumıklar öz hüquqlarını müdafiə etmək və müəyyən etnosiyasi məqsədlərinə nail olmaq üçün müəyyən etiraz hərəkatlarından, mitinqlərdən, tələblərdən də istifadə etməyə başladılar. Beləki 1991-ci ilin oktyabr ayında Tenqlik hərəkatının rəhbərliyi Dağıstan güc strukturlarının rəhbərlərinin tutduqları vəzifədən azad edilməsi tələblərini irəli sürdülər və bunun üçün dəmir yolunu, Rostov-Bakı şossesin bağladılar, həttar Mahaçqala aeroportunu blokadaya almaq cəhdləri də oldu. Dağıstan rəhbərliyi ilə Tenqlik arasında münasibətlər gərginləşdi və hətta Dağstan Respublikası Ali Sovetinin rəyasət heyəti Tenqlik kumık xalq hərəkatının fəaliyyətinin qanunazidd olduğunu bildirən qətnamə qəbul etdi. 1992-ci il martın 21-də keçirilən kumık xalqının növbəti qurultayında Dağstan və Pusiya Federasiyası daxilində Muxtar Kumıkiyanın yaradılması üçün referendumun keçirilməsi məsələsi qərara alındı. Hətta Kumik xalq hərəkatının Milli Məclisinə kumıkların hüquqlarının məhdudlaşdırdığı halda Dağıstan Ali Sovetinin və hökumətinin qərarlarını dayandırmaq səlahiyyəti verdi.
Tenqlik öz ideya baxışında Dağıstanın gələcək quruluşunu milli muxtar respublikaların federasiyası kimi görürdü. Burada kiçiksaylı xalqlar da öz muxtar milli rayonlarına malik ola bilərdi. Kumık liderləri tərəfindən Dağstanın dövlət quruluşunun ikipalatalı Ali Sovetdən (parlamentdən) və milli məclislərdən ibarət olması ilə bağlı model irəli sürülürdü.
Beləliklə Tenqlik kumık xalq hərəkatının əsas məqsədlərindən biri ərazisində dövlət dili kimi kumık və rəsmi dil kimi rus dili ola, Dağıstan və Rusiya Federasiyası daxilində Kumık Respublikasının (Kumıkıstan) yaradılmasıdır.
Qeyd edək ki, 1989-cu il mart-aprel aylarında Vətən təşkilatı da yaradılmışdı və bu qurum da kumıklar arasında imzatoplama kampaniyası keçirərək RSFSR tərkibində Kumık respublikasının yaradılmasına çağırışlar edirdi. Bu artıq milli-mədəni kimliyini qorumaqdan daha üstün milli -siyasi maraqlar uğrunda mübarizə idi və mübarizədə kumık xalqının orta ziyalı təbəqəsi aktiv iştirak edirdi.
“Xalqın vətənpərvərlik və siyasi fəallığı nəticəsində yaranan kütləvi ictimai-siyasi təşkilatı birləşdirən demokratik qüvvələrin məqsədi sosial ədalət uğrunda mübarizə, milli dirçəliş və kumık xalqını demokratik parlamentli respublika quruluşunda birləşdirmək idi” (29, s. 67).
Əsasən Dağıstanda yaşayan kumıkların yaratdığı “Tenglik” ictimai təşkilatları qısa müddətdə böyük işlər görməyə başlamışdır. Təşkilatda Salav Aliyev, Şeyit Xanım Alişeva kimi şəxslər onun öncüllərinə çevrildilər. Lakin Rusiyanın xüsusi xidmət orqanları milli dəyərlərə yiyə çıxmaq uğrunda başlanan hərəkatı zəiflətmək üçün çoxmillətli Dağıstan xalqları arasında nifaq salmağa başladılar.
Lakin bu təşkilat hələ də xalqın tam istəyincə işləyə bilmir. Bunun bir səbəbi təşkilat üzvlərinin içindən imperiya qorxusunun çıxmamasıdırsa, o biri səbəbi də xüsusi güclərin bölücülük fəaliyyətidir.
Hazırda, bölgədə fəaliyyət göstərən “Kumık Ağsaqqllar Şurası” adlı qurumu öz sıralarında bütün ictimai qurumları birləşdirməklə hansısa xalqa qarşı mübarizəyə səfərbər olunmaq üçün deyil, öz tarixi-coğrafi ərazlərini qorumaq üçün bütövlükdə kumuq xalqını milli konsoliadsiya yoluna yönəltməyə çalışır. Paytaxt Maxaçqala (İnciqala), Qorxmazqala, Qarabudaqkənd, Tarki, Qayakənd, Temirxan Buynaksk (Şura), Qumtorqala, Babayurd, Qızılyurd rayonlarında milli inzibati ərazi şəklində yaşamağı üstün tuturlar. Milli muxtariyyət statusunun ortaya atılmasını isə müdafiə etmirlər.
Kumıklar bir etnos kimi öz mövcudluğunu qorumaq və torpaqların özəlləşdirilməsi prosesində onlara məxsus tarixi-coğrafi ərazilərin başqa toplumlar tərəfindən inhisara alınmasına qarşı dirəniş göstərmək zorunda qalmışlar.
2013-cü il fevral ayında Stavropol vilayətinin Pyatiqorsk şəhərində Rusiya Kumuk İcmaları qurumunun təşəbbüsü ilə keçirilən Fövqəladə Qurultayda Dağıstan, Çeçenistan, Qaraçay-Çərkəz, Şimali Osetiya, Həştərxan, Stavropol, Moskva və digər bölgələrdən 48 kumuk icmasını təmsil edən 375 nəfərlik nümayəndə gəlmişdi. “Namus” Kumuk Mədəniyyət Mərkəzi, “Birlik” Kumuk İctimai Təşkilatları Şurası, Çeçenistan Kumuk Milli Mədəni Şurası, Kumuk Ağsaqqallar Şurası və digər kumuk milli təşkilatları bu türk toplumunun 90 ildir pozulmaqda olan hüquqları ilə bağlı problemləri müzakirəyə çıxarmışdılar (35).
Kumuk türklərinin aqibəti digər türk toplumlarından heç də fərqlənmir. Pyatiqorsk (əski adı qaraçay-balkar türkcəsində Beştau, yəni Beşdağ) qurultayında “Balkar Ağsaqqallar Şurası”nın lideri, akademik İsmail Sabançiyev, “Noqay Milli Şurası”nın sədri Zəlimxan Köçərov, “Elbrus” Balkar Milli Birliyinin sədri Cambulat Eteyev balkar, qaraçay və noqay türklərinin tarixi ərazilərinin “turizm klasteri” adı altında yeni işğal siyasətinə məruz qalması problemlərini ortaya qoydular. Bu siyasət rus imperiyasının ənənənəvi siyasətinin davamı olaraq bölgədə antitürk siyasəti yeritməklə, qarışıqlıq yaratmaqla türk xalqlarının tarixi ərazilərindən sıxışdırmaqdır.
Pyatiqorsk qurultayında Şimali Osetiya, Dağıstan və Çeçenistanda dağlıq ərazilərdən insanların çöl bölgələrinə, yəni kumuklara məxsus regionlara süni şəkildə miqrasiya axını sayəsində onlar bu torpaqlarda “milli azlığa” çevrilmək təhlükəsilə qarşılaşıblar. Kumuk Ağsaqqallar Şurası”nın sədri Absalitdin Murzayev qeyd etmişdir ki, “sayları 700 min nəfərdən çox olan bu türk toplumunun torpaqsız və vətənsiz qalmaq təhlükəsi yaranmışdır. O, bildirdi ki, 100 min nəfərdən çox kumuk türkü bir vaxtlar Qərbi Sibir və Uzaq Şərqə sürgün olunmuşlar. İndi onlar Mozdok (Şimali Osetiya), Qudermes, Sunja, Bammayurt, İstisu, Sulak, (Çeçenistan) rayonlarına geri dönə bilmirlər. Onların tarixi torpaqlarında başqa xalqlar məskunlaşıblar. Dağıstanda isə son bir ildə milliyyətcə dargin, avar, erməni və ləzgi olan oliqaraxlara kumuk torpaqlarından 46 min hektar ərazi ayrılmışdır”.
Göründüyü kimi, bu gün Dağıstanda yaşayan kumuklar təqib olunmaqdadır. Bu məsələlərlə bağlı 2013-cü il fevral ayında kümük ictimai təşkilatlarının keçirdiyi qurultayda “Kumuk Ağsaqqallar Şurası”nın sədri Absalitdin Murzayev bildirmişdir ki, “Nə üçün Dağıstanda torpaq resursları və əmlak problemləri üzrə yaradılmış nazirlikdə bir nəfər də olsa kumuk təmsil olunmur? Bölgədə aqrar sektorun inkişafı üçün büdcədən milyardlarla vəsait ayrıldığı halda, həmin layihələrə kumukların yaşadıqları ərazilər daxil edilmir. Sosial, səhiyyə, təhsil nazirliklərində kumuklardan heç kim təmsil olunmur. Halbuki, regionda 2 milyon 150 minlik əhalinin 500 mini kumuklardırlar. Kumuklara xoş olsun deyə “kağız” nazirliklərində təmsil olunmaq (təbii ehtiyatlar və mətbuat üzrə) imkanı yaradılmışdır”.
Bütün bu məsələlərin həlli məqsədilə kumuk türkləri onlara məxsus ərazilərdə öz milli rayonlarının yaradılması uğrunda mübarizə aparırlar. Bu məqsədlə kumuklar bu gün öz varlıqlarını qoruyub saxlanması üçün 1944-cü ildə ləğv edilmiş Tarki rayonunun yenidən bərpa edilməsini və Kazbek rayonunda onlara məxsus otlaq və əkin sahələrinin qaytarılmasını tələb edirlər.
Dağıstanda identikliyin qorunması üçün kumukların Tarki rayonu üçün statusun bərpa edilməsini Rusiyanın demokratik düşərgəsinə mənsub olan insitututlar da müdafiə edirlər. “Yeqor Qaydar adına İqtisad İnstitut”un təmsilçisi Konstantin Kazenin qeyd etmişdir ki, Dağıstanda biznes, idarəetmə və hakimiyyət siyasətini kriminal müstəvidən kənarda həll etmək təfəkkürünə malik olmayan xüsusi bir sosial şəbəkə mövcuddur. Tarki rayonu bərpa olunarsa, belə bir siyasəti minimuma endirmək mümkündür. Kumuklar bölgənin tarixən idarə olunmasında etnomədəni prinsiplər baxımından böyük ənənəyə malikdirlər. Qaraçay-Çərkəzdə etnik mənsubiyyət baxımından Noqay və Abaza rayonları təsis olundu. Belə bir qayda bölgədə kimsəyə qarşı çevrilmədi. Dağıstanda belə bir fikrə düşmək isə, faciə kimi qarşılanır. Kumuk­lar öz tarixi ərazisi olaraq Kyaxulay, Elbörükənd, Şamxal-Termen və Tarki qəsəbələrinin birləşdirilərək Tarki milli rayonunun yaradılmasını istəyirlər. Dargin, avar, ləzgi və lak etnobirlikləri isə Tarki rayonunun təsis olunması səbəbindən paytaxt Mahaçqalada onlara məxsus etnososial siyasət nəticəsində çox şeylərdən məhrum qalacaqları təhlükəsini dilə gətirməyə başlamışlar. Əslində bu üç toplumu təmsil edən etnoklanların hədəfi paytaxtın çevrəsində kumuklara məxsus son əraziləri ələ keçirməkdən ibarətdir. Çünki onlar tarixən nə dövlət, nə də vətən anlayşı qavramında Dağıstanı idarəetmə təfəkkürünə malik olmamışlar.
Nəticə
Bu gün bölgədə bir tərəfdən milli dözümsüzlük, digər yandan isə ağır sosial-iqtisadi həyat şəraiti Şimalı Qafqazın ən ağrılı problemləri olaraq qalmaqdadır. Bütün bunlar neçə on illərdir davam edir. Burada yaşayan gənclərin çoxu məcbur olaraq Rusiyanın digər bölgələrinə və ya xarici ölkəlrə miqrasiya edirlər. Regionda fəaliyyət göstərən yerli təşkilatlar bu məsələləri həll etməyə çalışsalar da hələlik heç bir nəticə əldə edilməyib. Bu təşkilatların sayəsində hər bir xalq öz milli problemlərinin həllinə çalışsalar da onların fəaliyyətinə qadağalar qoyulmuşdur. Bu baxımdan yerli bələdiyyə və parlament seçkilərində milli təşkilatların münayəndələrinin seçilməsi ümumiyyətlə icazə verilmir. Elə buna görə də milli təşkilatları təmsil etməyən bürokratiya isə regionun problemlərinin həll olunması üçün vacib olan addımları atmır. Bu baxımdan, Şimalı Qafqazın heç bir regionunda qanuni şəkildə legitim hakimiyyət yoxdur.
Hökümət Şimalı Qafqazda 15 ildir davam edən partizan döyüşlərinin əvəzinə, bölgədə insan hüquq və bərabrliyi təmin etsəydi bunların heç birinə ehtiyac qalmazdı. Bu baxımdan, Şimali Qafqaz respublikalarının statusunun Rusiyanın Federal hökuməti tərəfindən pozulması Rusiya Konstitusiyasında qəbul edilmiş fede­rasiyaya könüllü üzvlük prinsipləri hüquqi müstəvidə bir daha araşdırılmalı və Şimali Qafqaz respublikalarının pozulmuş hüquqlarının qorunması prosesini beynəlxalq səviyyədə müdafiə etməlidir. Bu regionda mövcud sülhün təməlidir.
Lakin, bu gün Rusiya etnoqrafları Şimalı Qafqaz bölgəsini “Qərbi Qafqaz” və "Şərqi Qafqaz" inzibati bölgüsünə ayırmaqla bölgədə yaşayan yerli xalqların milli oyanış prosesinin qarşısını ala biləcəklərinə ümid edirlər. Tək bu deyil, başqa variantlar üzərində də işlməyə başlayıblar. Bu gün Moskvanı buna ən çox vadar edən səbəblərdən biri də Qafqaz toplumlarında ayrı-ayrılıqda tədricən milliyyətçi və ya aşırı dalğanın güclənməsidir.
Keçmişdə olduğu kimi, bu gün və sabah da geosiyasi və geostrateji əhəmiyyətini itirməyəcək olan Qafqaz üzərində oynanılan güc mübarizəsi nəticəsində, öz daxili dinamikasına uyğun olaraq, hər zaman qeyri-müəyyən və qeyri-sabit ərazi olaraq qalacaqdır.
Bu baxımdan, Şimal Qafqazda yaşayan Türk xalqları 400 ildir ki öz azadlıqları uğrunda mübarizə aparırlar. Bu mübarizənin qarşısını bütün varlığı ilə almağa çalışan Rusiya hər zaman olduğu kimi bu gün də öz inadından əl çəkmir. Buna baxmayaraq, adət-ənənələrinə bağlı qəhrəman xalqın nümayəndələri Rusiyanın hakimiyyəti altında əzilmək istəmir və mübarizə aparırlar.
Ədəbİyyat
1. Acar D.Ş. Soğuk Savaş Sonrası Dönemde Kafkaslar ve Güvenlik Sorunları. Stratejik Araştırmalar Dergisi. Yıl:3, Sayı:5, Temmuz 2005.
2. Akçali P. “Orta Asya’da İslami Uyanış, Radikal İslami Hareketler ve Bu Hareketlerin Bölge Politikasına Etkileri”, Der.: E. EFEGİL ve P. AKÇALI, Orta Asya’nın Sosyo-Kültürel Sorunları: Kimlik, İslam, Milliyet ve Etnisite, Gündoğan Yayınları, İstanbul, Kasım 2003.
3. Allen W.E.D., Muratoff P. Kafkasya’nın Tarihi Çoğrafyası. Belgelerle Türk Tarihi Dergisi, Sayı:54, Temmuz 2001.
4. Aydin M. Geopolitics of Central Asia and The Caucasus; Contuinity and Change Since The End of The Cold War. The Turkish Yearbook of International Realations, Sayı: XXXII 2001. Research Center for International Political and Economic Releations, Ankara Unıvercity Faculty of Political Science, 2002.
5. Bice H. Kafkasya’dan Anadolu’ya Göçler, Türkiye Diyanet Vakfı Yayınları, Ankara, 1991.
6. Brzezinski Z. Büyük Satranç Tahtası Amerika’nın Önceliği ve Bunun Jeostratejik Gerekleri. Çev.: Ertuğrul Dikbaş, Ergun Kocabiyik. Baskı, Sabah Kitapları, İstanbul, 1998.
7. Buttanri B. Bölgesel Güç Karadeniz. IQ Kültür-Sanat Yayıncılık. Baskı, İstanbul, Şubat 2004.
8. Can S. Jeopolitik Açıdan Kafkasya. Avrasya Dosyası, Rusya-Kafkasya Özel, Cilt:3, Sayı:4, Kış 1996.
9. Çurey A. Bilinen Dünyanın Bilinmeyen Ülkesi: Kuzey Kafkasya ve Çerkesler (1). Kafkasya Yazıları Dergisi, Yıl:2, Sayı:5, Sonbahar, 1998.
10. Çiloğlu F. Rusya Federasyonu’ndanda ve Transkafkasya’da Etnik Çatışmalar. SinatleYayınları, Baskı, İstanbul, 1998.
11. Edwards M. The New Great Game and The New Great Gamers: Disciples of Kipling and MacKinder. Central Asian Survey, March, 2003.
12. Erdurmaz A.S. ABD’nin Kafkaslardaki Hedefleri. Cumhuriyet Strateji Dergisi, Yıl:1, Sayı:46, 16 Mayıs 2005.
13. Henze P.B. Kafkasya’da Çatışma, Geçmiş, Sorunlar ve Gelecek İçin Öngörüler. 2023 Dergisi, Sayı:31, Kasım 2003.
14. Heslin S.N., Key Constraints to Caspian Pipeline Development: Status, Significance and Outlook”, Central Asian Survey, Vol.18, Issue::4, Dec.1999.
15. Hunter S.T. Internatıonal and Regional Actors:Their Politics and Impact on The Transcaucasus”, CSIS, Washington D.C., USA, 1997.
16. Kalafat Y. Kırım-Kuzey Kafkasya Sosyal Antropoloji Araştırmaları. ASAM Yayınları, Ankara, 1999.
17. Karayel E. Kafkasya’da Etnik Çatışmalar: Sebepler ve Çözümler. Kafkas Vakfı Bülteni, Kış 1998.
18. Mütercimler E. Türkiye-Türk Cumhuriyetleri İlişkiler Modeli. İstanbul, 1993.
19. Oğuz C.C. Cihad Firinden Rusya ile Flörte: Dağıstan’da Değişen Dinamikler ve Kuzey Kafkasya’ya Etkileri. Stratejik Analiz Dergisi, Ekim 2000.
20. Ormrod J. The North Caucasus: Confederation in Conflict. I. Blemmer, R. Taras. New States New Politics Building The Post-Soviet Nations. Cambridge University Press, Cambridge, 1997.
21. Özey R. Kafkasya ve Kafkas Ülkeleri. Harp Akademileri Bülteni, Yıl:37, Sayı:1999, Temmuz 2001.
22. Pamuk M. Kafkasya ve Azerbaycan’ın Dünü-Bugünü-Yarını. Harp Akademisi Yayını, İstanbul, 1995.
23. Tavkul U., Etnik Çatışmaların Gölgesinde Kafkasya. Ötüken Yayınları, İstanbul, 2002.
24. Yapici U. Küresel Süreçte, Türk Dış Politikasının Yeni Açılımları, Orta Asya ve Kafkasya. IQ Yayınları, İstanbul, Mayıs 2004.
25. Yanar S., Türk-Rus İlişkilerinde Gizli Güç Kafkasya. IQ Kültür Sanat ve Yayıncılık, İstanbul, Ağustos 2002.
26. Alikberov Q.A. Revolyusiya iqrajdanskoy voyna v Dagestane. Maxaçkala 1962.
27. Гаджиева C.Ш. Кумыки. Историко-этнографическое исследование. М., 3. Кандауров А.А. Еще раз об истории кумыкского народа. Сборник материалов кумыкского народа, Махачкала, 1990.
28. История народов Северного Кавказа с древнейших времен до конца ХVIIIв. М., 1988.
29. Казенин Константин. Элементы Кавказа. Земля, власть и идеология в северокавказских республиках. М.: Издательский дом «Регнум», 2012. 176 с.
30. Кумыки и Кумыкия в исторической ретроспективе - Тенглик, Махачкала, 1992, N 17(30).
31. Федоров Г.С. К вопросу о происхождении дагестанских национальностей. Дагестан, Махачкала, 1991, № 12.
32. Социально-демографический портрет России: По итогам Всероссийской переписи населения 2010 года/Федер. служба гос. статистики. М.: ИИЦ «Статистика России», 2012, 183 с.
33. http://www.msxlabs.org/forum/diger-turk-topluluklari/174535-nogaylar-nogay-turkleri.html#ixzz3HVnlkw2e
34. ın
35. http://www.ayna.az/2013/kumuk-turkleri-zamanin-sinaginda/.

http://kumukia.ru/article-102.html
http://kumukia.ru/article-101.html
http://kumukia.ru/article-101.html

ReZume
Məqalədə bir sıra tarixi baxışlar, mövqelər və yanaşmalar dövrün beynəlxalq münasibətlər sistemi kontekstində nəzərdən keçirilmişdir. Tarixi şərh və təhlillər dəyərli elmi-əməli qənaətlər və nəticələrlə yekunlaşdırılmışdır. Bütün bunlarla yanaşı təqdim olunan məqalə tarixi proseslər təhlil olunmuş, Şimalı Qafqazın türk xalqların müstəqilliyi uğrunda mübarizəsi kompleks şəkildə araşdırılaraq tədqiq olunmuşdur. Reallıqlar olduğu kimi, obyektiv yanaşma tərzində əks etdirilmişdir.
Ənənəvi metoddan imtina edərək, bölgənin eynosiyasi tarixi müəyyən tarixi çərçivədə tədqiq edilmiş, Rusiyanın tərkibinə qatıldıqdan sonra bölgədə azadlıq uğrunda mübarizə araşdırılmışdır.
Şimalı Qafqaz ərazisində yaşayan Türk xalqlarının tədqiqinə yönəlmiş bu mövzunun əsas istiqaməti – onların tarixi keçmişi, Rusiyanın tərkibinə qatılması və ənun acı nəticələri, müstəqillik uğrunda aparılan mübarizənin əsas istiqamətləri, milli birliyin formalaşması məsələləri – etno milli birliklərin yaradılması və onların rolu məsələsini araşdırmaqdır.
Bu baxımdan, tədqiqat işində Şimalı Qafqazın müxtəlif ərazilərində yaşayan qaraçaylar, balkarlar, kumuk və noqay türklərinin tarix boyu müəyyən təziqlərə məruz qalmaqla öz varlıqlarını qoruyub saxlamaq uğrunda təşkilati mübarizəsi göstərilir.

Açar sözlər: Şimali Qafqaz türk xalqları, etno milli birliklər, kabardinlər, balkarlar, qaraçaylar, kumuklar.

 

"YER VƏ İNSAN"  jurnalı 01/09/2019

 

Ruslan Rəhimli
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu
Antropologiya Mərkəzinin aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru