Azərbaycan boksçuları Çexiya Qran-prisində bir qızıl və bir bürünc medal qazanıblar

Çexiyada boks üzrə Usti-nad-Labem Qran-prisinə yekun vurulub.

Yarışa 4 idmançı ilə qatılan Azərbaycan millisi 1 qızıl və 1 bürünc medal qazanıb.

Vaqif Şirinovun yetirmələrindən Lorenzo Sotomayor (69 kq) çempion tituluna yiyələnib. "Rio-2016"nın gümüş medalçısı finalda norveçli Hadi Srourla döyüşüb və rinqdən qələbə ilə ayrılıb.

Komandamızın aktivinə digər medalı isə Alfonso Dominqes (81 kq) yazdırıb. O, ikidəbir finalda kubalı Olimpiya çempionu, dünya çempionatının dördqat qalibi Xulio Sesar La Krusa məğlub olduğundan bürünc medalla kifayətlənib.