G7 ölkələri Rusiyaya qarşı tribunal qurulması məsələsini gündəmə gətirir

Yeddilər qrupu (G7) ölkələrinin ədliyyə nazirləri iyul ayında Tokioda keçiriləcək görüşdə Ukraynaya təcavüz səbəbindən Rusiyaya qarşı xüsusi tribunalın qurulmasını müzakirə edə bilərlər.

Ədliyyə məsələləri üzrə Avropa Komissarı Didye Reynders bunu Kyodo agentliyinə müsahibəsində deyib. O, hazırda Yeddilər qrupuna sədrlik edən Yaponiyanın öz statusundan istifadə edərək tribunalın yaradılması istiqamətində Asiyanın digər ölkələrinə təsir göstərəcəyinə və beynəlxalq ictimaiyyətin dəstəyini qazanacağına ümidvar olduğunu bildirib.

Didye Reyndersin sözlərinə görə, hazırda Avropa İttifaqı Ukrayna da daxil olmaqla, müxtəlif ölkələrdən olan hakimlərin iştirakı ilə “xüsusi məhkəmənin” və ya “hibrid məhkəmənin” qurulması məsələsinin müzakirə edilməsi üçün ədliyyə orqanları və Beynəlxalq Cinayət Məhkəməsi ilə birgə çalışır.

Qeyd edək ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi ukraynalı uşaqların “qanunsuz deportasiyası” ittihamı ilə Rusiyanın dövlət başçısı Vladimir Putinin və Rusiya prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belovanın həbsinə order verib.//Azərtac