Dünya alimləri seysmik məsələlərin müzakirəsi üçün Bakıda toplaşıblar
Aprelin 26-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə “Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresi öz işinə başlayıb. Konqresdə Azərbaycandan olan elm adamları, istehsalat nümayəndələri ilə yanaşı, Türkiyə, ABŞ, Yaponiya, Kanada, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Hindistan, Yunanıstan və digər ölkələrdən nüfuzlu alimlər iştirak ediblər.
Yerveinsan.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə qardaş Türkiyə Respublikasında bu ilin fevral ayında baş verən güclü zəlzələdə həyatını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
AzMİU-nun rektoru, konqresin fəxri sədri professor Gülçöhrə Məmmədova çıxış edərək mövzunun aktuallığına diqqət çəkib. Rektor Türkiyədə çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələni əsrin fəlakəti adlandıraraq dünya elminin və inşaat sektorunun yeni, həmçinin mühüm çağırışlarla üz-üzə olduğunu qeyd edib. Professor Gülçöhrə Məmmədova Ümummilli Lider Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra nəticələrini aradan qaldırmaqdan daha asandır” fikrini sitat gətirərək seysmoloji araşdırmalarda yeni və dərinləşdirilmiş yanaşmanın, mütərəqqi texnologiyanın tətbiqi ilə risklərin müəyyən edilməsinin vacibliyini vurğulayıb. Rektor Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövlətimiz və xalqımiz qarşısında xidmətlərindən, ölkəmizdə aparılmış quruculuq işlərindən söz açıb.
AzMİU-nun ölkəmizin 100 illik inşaat mühəndisliyi ali təhsil ənənəsini özündə birləşdirdiyini, universitetdə bu istiqamətdə yüksəkixtisaslı mühəndis kadrların yetişdirildiyini, bina və qurğuların inşası üzrə seysmoloji məsələlərin dərindən araşdırıldığını qeyd edən rektor konqresin universitet alimləri üçün yeni üfüqlər yaradacağına, ölkəmizə və dünyaya böyük faydalar qazandıracağına əminliyini ifadə edib.
Qeyd edək ki, AERS 2023-ün məqsədi zəlzələ mühəndisliyinin əsas hədəfləri istiqamətində aparılan tədqiqatlar haqqında hərtərəfli təsəvvürün əldə olunması, qurğuların seysmik həssaslıq dərəcəsinin azaldılması, mövcud inşaat norma və qaydalarında zəlzələ mühəndisliyinin əsas hədəflərindən olan üç dizayn amilinin hər birinə diqqətin artırılması, gələcək zəlzələlərin təsirinin qarşısının alınmasında müasir yeni qurğu sistemlərindən istifadəyə çağırış və bu kimi aktual məsələlərdən ibarət olub.
Konqresin plenar iclası nüfuzlu alimlərin elmi məruzələri ilə davam etdirilib.
İki gün davam edəcək konqresin nəticəsi olaraq “Mühəndislər layihə və tikintidə səhv etməsələr, zəlzələlər fəlakət deyil” şüarının mühəndislikdə tətbiqi, məruzə və elmi məqalələrin beynəlxalq “Springel” nəşriyyat evində (İsveçrə) və “Elmi əsərlər” jurnalının xüsusi buraxılışında çap edilməsi, Azərbaycan Memarlıq İnşaat Universiteti ilə dünyanın aparıcı ölkələrinin zəlzələ mühəndisliyi üzrə elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin qurulması və gələcəkdə birgə layihələrin icrası, Qurğular Dinamikasında Fəlakətsiz Zəlzələ Mühəndisliyi (Non-Disaster Earthquake Engineering in Structural Dynamics) Beynəlxalq jurnalının təsisi və dərc edilməsi planlaşdırılır.