Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdür

Yerveinsan.az xəbər verir ki, 1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə hər il 5 may günü - Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdür.

Əlilliyi olan şəxslərin hüquqlarının qorunması ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir.  Prezident İlham Əliyevin sosial müdafiə sahəsinə, həssas qruplara xüsusi diqqət və qayğısı əlilliyi olan şəxslərin də sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin ildən-ilə güclənməsinə imkan verib.

Azərbaycan 2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulub və ölkəmizdə Konvensiyadan irəli gələn öhdəliklər uğurla yerinə yetirilir. 31 may 2018-ci ildə qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir. Qanun əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinətlə, eləcə də 18 yaşadək əlilliyi müəyyən edilmiş  şəxslər aylıq müavinətlə təmin edilir. Müharibə ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər həmin pensiya və ya aylıq sosial müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş  şəxslərə, onlara, həmçinin əlilliyi müəyyən edilmiş  uşaqlara qulluq edənlərə  Prezidentin aylıq təqaüdü verilir.

Azərbaycanda sosial ödənişlərin, o cümlədən əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərin mütəmadi olaraq artırılması təmin olunur. Xüsusilə son 5 ildə ildə bu  istiqamətdə ciddi irəliləyişlərə nail olunub, bu dövrdə 4 sosial islahat paketi icra olunaraq minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə artıb.  Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı isə Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə 5 dəfə genişlənib. Postmüharibə dövründə 4660, bu il üzrə 160, ümumilikdə ötən dövrdə 13460 mənzil və fərdi ev verilib.  Dövlət başçısının tapşırığına uyğun olaraq 2023-cü ildə də ən azı 1500 mənzil və fərdi ev veriləcək. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ötən dövrdə 7500-dən çox minik avtomobili təqdim edilib.

Son 5 ilin geniş miqyaslı sosial islahatlarının mühüm istiqaməti kimi, ölkəmizin reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub - 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib,  həmçinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb. Yaxın vaxtlarda Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzi də istifadəyə veriləcək. Əlilliyi olan uşaqlar üçün reabilitasiya infrastrukturunun respublikamızın bölgələri üzrə genişləndirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağcabədi və Qubada da Uşaq Reabilitasiya Mərkəzlərinin yaradılması nəzərdə tutulur. Görülən işlər reabilitasiya mərkəzlərinin potensialının və reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının dəfələrlə artmasına imkan verib.

Son illər yaradılan müasir reabilitasiya infrastrukturu Zəfərimizin qəhrəmanları olan, müharibədə yaralanmış hərbçilərimizin səmərəli, keyfiyyətli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunması üçün də mühüm potensialdır. İkinci Qarabağ müharibəsindən sonra Nazirliyin reabilitasiya müəssisələrində müharibə ilə əlaqədar əlilliyi olan 2722 şəxsə reabilitasiya xidmətləri göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 1913 şəxs 35,5 min reabilitasiya vasitəsi ilə təmin olunub. 2020-ci ilin dekabr ayından isə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlə təminat proqramına başlanıb və I və II Qarabağ müharibəsində yaralanaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş 411 hərbçi 428 yüksək texnologiyalı son nəsil protezlə təmin edilib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər çoxşaxəli fəaliyyət sahələrini əhatə edən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu Mərkəz əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılması və inkişafı, cəmiyyətə təqdim olunmasında, onların sosial inteqrasiyasında mühüm rola malikdir. Mərkəz 121 nəfərlik auditoriumdan, müxtəlif peşə-yaradıcılıq otaq və studiyalarından, kitabxanadan, inzibati otaqlardan, yeməkxanadan və s. ibarətdir. Benefisiarlarla bağlı təlimlərlə yanaşı, kompleks reabilitasiya işləri də  aparılır. Əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə tanıdılması üçün ardıcıl olaraq onların yaradıcılıq nümunələrindən ibarət sərgilər təşkil olunur.

Eyni zamanda, Heydər Əliyev Fondunun mühüm sosial önəm kəsb edən layihələrinin davamı olaraq, əlilliyi olan şəxslərə İKT-dən istifadə imkanlarının yaradılması üçün ölkəmizin 3 bölgəsində (Naxçıvan, Gəncə, Yevlax) Regional İnformasiya Mərkəzləri yaradılıb. Bu mərkəzlərdə əlilliyi olan şəxslərə Brayl əlifbası ilə nəşr olunmuş kitablar təqdim olunur, həmçinin nitq və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün filmlərin nümayiş olunduğu kinozallar, zehni inkişaf etdirən kompüter oyunları otağı fəaliyyət göstərir.

Əlilliyi olan şəxslər üçün məşğulluq və özünüməşğulluq imkanlarının yaradılması aktiv məşğullluq tədbirlərinin əsas istiqamətlərindən biridir. Sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün müəssisələrdə kvota üzrə yerlər müəyyən edilir və həmin yerlərdə işlə təmin edilirlər.  Özünüməşğulluq proqramının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan, 22 min şəxsin kiçik biznesə çıxışına dəstək verilməsi məqsədi daşıyan “Məşğulluğa Dəstək Layihəsi”nin, digər məşğulluq tədbirlərinin icrasında həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir. Bu günlərdə isə Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Əlilliyi olan Sahibkarlar Təşkilatı İctimai Birliyi ilə əməkdaşlıqda daha 100-dək şəxs üçün 6 peşə hazırlığı kursu təşkil edilib. Eyni zamanda, BMT İnkişaf Proqramı ilə birgə layihəsi üzrə əlilliyi olan şəxslərin kiçik biznesinin qurulması işləri aparılır.  

Ümumilikdə əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası, onların sosial xidmətlərlə təminatı, peşə-əmək reabilitasiyası, paralimpiya hərəkatının genişlənməsi və s. istiqamətlərdə həyata keçirilən ardıcıl tədbirlər ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının etibarlı şəkildə təmin edildiyini, onların hərtərəfli qayğı ilə əhatə olunduqlarını göstərir.