Pərviz Şahbazov Vyanada bir sıra görüşlər keçirib

Energetika naziri Pərviz Şahbazov Vyanada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) enerji və sənaye naziri Süheyl Məhəmməd əl-Məzrui, İraqın Baş nazirinin müavini, neft naziri Hayan Əbdül-Qani və Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays ilə görüşüb.

Energetika Nazirliyindən bildirilib ki, BƏƏ-nin enerji və sənaye naziri Süheyl Məhəmməd əl-Məzrui ilə görüşdə Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC), “Masdar”, “TAQA” şirkətləri ilə neft-qaz və bərpa olunan enerji sektorlarında, həmçinin qlobal neft bazarının tənzimlənməsində əməkdaşlığa dair məsələlər müzakirə edilib. BƏƏ ilə Azərbaycanın “yaşıl enerji” tərəfdaşlığından məmnunluq ifadə edilib. Tezliklə istismara veriləcək 230 MVt gücündə Qaradağ GES, həmçinin quruda və dənizdə 4 QVt gücündə “yaşıl enerji” layihələrinin icrası ilə bağlı cari vəziyyət nəzərdən keçirilib.

İraqın Baş nazirinin müavini, neft naziri Hayan Əbdül-Qani ilə görüşdə isə ölkələrimizin qlobal neft bazarının sabitləşdirilməsi məqsədilə “OPEC plus” formatında uğurlu əməkdaşlıq həyata keçirdiyi bildirilib. SOCAR tərəfindən İraq mənşəli xam neft və neft məhsullarının dünya bazarına təchizatından bəhs edilib. İki ölkə arasında enerji əməkdaşlığının inkişafı üçün “Energetika Nazirliyi ilə İraq Respublikasının Neft Nazirliyi arasında neft və qaz sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasının əhəmiyyətindən danışılıb. Bildirilib ki, İraq Azərbaycanla neft-qaz üzrə intensiv əməkdaşlıqda maraqlıdır.

OPEC-in Baş katibi Haysam Əl-Qays ilə müzakirələr də qlobal neft bazarının balanslaşdırılması istiqamətində addımlar, neft sənayesinin inkişafı ilə əlaqədar məsələləri əhatə edib. Gələcəkdə enerji təhlükəsizliyinin təminatı məqsədilə bütün tərəflərin cəlb edildiyi dialoq və əməkdaşlıq mühitinin yaradılmasının zəruriliyi qeyd olunub.