10 faydalı qazıntı yatağı hərraca çıxarıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçirildi.

Hərracda hər biri 1 lot üzrə Abşeron rayonu “Qızılburun” gil, “Şıxzərli” gips, İsmayıllı rayonu “Bilistan-II” qum-çınqıl, “Təzəkənd” qum-çınqıl, “Göyçay-I” qum-çınqıl, Şabran rayonu “Dəvəçiçay” qum-çınqıl, Quba rayonu “Qorxmazoba” qum-çınqıl yataqları, həmçinin 2 lot üzrə Ağstafa rayonu “Ağstafaçay” qum-çınqıl, 4 lot üzrə Göygöl rayonu “Qızılca” plagioporfir  və 15 lot üzrə Quba rayonu “Qonaqkənd” qum-çınqıl faydalı qazıntı yataqları satışa çıxarıldı. Yerveinsan.az xəbər verir ki, ümumilikdə, hərracda başlanğıc qiyməti 2500 -76 000 manat arasında dəyişən 10 yataq üzrə 28 lot təqdim olundu.