Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun yenidən qurulması davam etdirilir

Siyəzən rayonunda Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Yenidənqurma işləri çərçivəsində 27 kilometr uzunluğa malik yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, əsaslı şəkildə bərpasına ehtiyac olan yolun eni 7 metrə qədər genişləndirilib. Layihə üzrə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi, suların ötürülməsini təmin edən suötürücü dəmir-beton boruların bərpası və inşası, yol əsasının tikintisi işləri tam olaraq icra olunub.

“İnşaat Norma və Qaydaları”na uyğun texnoloji ardıcıllıqla həyata keçirilən işlər çərçivəsində hazırda yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü salınır. Artıq yolun təxminən 3 kilometrdən çox hissəsində asfaltlanma işləri də yekunlaşıb.

Layihənin sonunda yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanlarının, kilometr göstəricilərinin və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri görüləcək.

Yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.