Zərdab rayonunda 4 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur

Zərdab rayonunun Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılır.

Agentlikdən bildirilib ki, 13 kilometr uzunluğa malik Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur. Dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən həmin yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.

Məlumata əsasən, aparılan işlər çərçivəsində yolboyu texnoloji ardıcıllığa uyğun olaraq, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, müəyyən hissələrdə yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi, yol əsasının inşası aparılır, yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir, zəruri yerlərdə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılır.

Artıq layihənin Nəzəralılı hissəsində sözügedən işlər icra olunub və artıq yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.

Yolun Şıxbağı hissəsi üzrə torpaq işləri və suötürücü boruların inşası yekunlaşıb, hazırda bu hissədə yol əsasının tikintisi işləri aparılır.

Layihə üzrə yolboyu asfaltlanma işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.