Vladimir Putin: Moskva Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına kömək etməyə hazırdır
Moskva Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına kömək etməyə hazırdır.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında bildirib.
Rusiya Prezidenti deyib: “Bütün bu vaxt ərzində iki paytaxt – Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yönəlmiş Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli formatında gərgin iş aparılıb. Rusiya sülhməramlıları onlara verilən səlahiyyətlər çərçivəsində Qarabağda öz missiyasını vicdanla yerinə yetirirdi”.
Vladimir Putin bildirib ki, hazırda gündəlikdə münaqişənin tam həlli üçün Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması məsələsi durur. Rusiyanın dövlət başçısı əlavə edib: “Rusiya tərəfi, şübhəsiz ki, bu məsələdə tərəfdaşlarımıza hərtərəfli köməklik göstərməyə hazırdır. Xüsusən, lazım gəldiyində, Moskvada hər hansı bir formatda danışıqların keçirilməsinə razıyıq. Başlanğıc olaraq, ekspertlər, habelə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin iştirakı ilə. Əlbəttə, həmin ölkələrin liderləri tərəfindən imzalanacaq sülh sazişinin əldə olunması ilə yekunlaşacaq danışıqlara kömək edəcəyik”.//AZƏRTAC