Göyçay çayı və Girdimançayda məcratəmizləmə və bəndbərkitmə işləri görülür

Göyçay çayında mühafizə bəndlərinin təmiri və məcratəmizləmə işləri həyata keçirilir. Bu məqsədlə çayın məcrasına xeyli sayda texnika cəlb olunub. İlin əvvəlindən indiyədək 38 kilometrə yaxın məsafədə mühafizə bəndlərinin təmiri, 90 kilometrdən artıq qayakəsmə işləri və 11 kilometrədək uzunluqda məcra təmizləmə işləri görülüb.

Bunu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.

Cəmiyyətin tabeliyində olan Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi tərəfindən tərtib olunmuş plana uyğun əsasən bir neçə çayda məcratəmizləmə və bəndbərkitmə işlərinin davam etdirildiyini deyən D.Şərifov qeyd edib ki, hazırda idarənin texnikaları bu işləri Girdimançayda da davam etdirir: “Bundan başqa, bu il mühafizə bəndlərinə təhlükə yarana biləcək yerlərdə - Zərdab, Sabirabad, Salyan və Neftçala rayonları ərazisində Kür çayında qaya uçmalarının qarşısını almaq məqsədilə 1854 paqonometr uzunluğunda daş-betonla sahilbərkitmə işlərinə başlanılıb. Bu işlərin yerinə yetirilməsi üçün 19 ədəd ekskavator, 15 ədəd buldozer, 20 ədəd yüküözüboşaldan maşın cəlb edilib”.

Qeyd edək ki, Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi respublikanın 12 rayonunda - Qazax, Zərdab, Ucar, Ağcabədi, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında idarənin xidməti ərazisinə daxil olan ərazilərdə fəaliyyət göstərir.