Bərdədə “Qərbi Azərbaycana qaydış. İmirlidə məskunlaşma” kitabının təqdimat mərasimi keçirilib  - FOTOLAR

Noyabrın 10-da Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bərdə Rayon Mədəniyyət Mərkəzində “ Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliği“ layihəsi çərçivəsində hazırlanmış “Qərbi Azərbaycana qaydış. İmirlidə məskunlaşma” kitabının təqdimatı keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Adı çəkilən kitabın müəllifi, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov bildirdi ki, kitabda Azərbaycan türklərinə qarşı aparılmış deportasiyanın etno-siyasi əsasları, Qərbi Azərbaycanda ermənilərin kütləvi məskunlaşmasının tarixi mərhələləri, Ermənistan ərazisinin Dərələyəz mahalının Sallı, Çivə, Qozulca və Göyçə mahalının Mollalı kəndlərindən deportasiyaya məruz qalmış 100-dən çox sakininin şəxsi həyat hekayəsi əksin tapmışdır. Səməd Vəkilov kitabda mərhum professor Həsən Mirzəyevin və Nazir Əhmədlinin araşdırmalarından geniş istifadə etdiyini, həmçinin kitabın ərsəyə gəlməsində kitabın elmi redaktoru tarixçi alim, Dövlət Mükafatı Laueratı Nazim Mustafanın, şəxsi hekayələrin toplanmasında kitabın rəyçisi, tarix üzrə fəlsəfə doktoru Leyla Calalovanın və digər şəxslərin yardımşı olduğunu qeyd etdi.

S.Vəkilov: “100 şəxsi hekayəni toplamaq, bir-birilə müqayisəli şəkildə təhlil etmək o qədər də sadə məsələ deyil. Əldə etdiyimiz məlumatları bir çox mənbələrdən dəqiqləşdirmişik. Sənədlərlə araşdırmalar aparmışıq ki, yanlışlıq olmasın. Hesab edirik ki, gələcəkdə Dərələyəz mahalından İmirli kəndinə köç etmiş Çivə, Sallı, Qozluca kəndləri, o cümlədən Göyçə mahalından köç etmiş Mollalı kəndi haqqında ayrı-ayrılıqda kitablar nəşr edilməlidir”

Səməd Vəkilov qeyd edib ki, ermənilərin məkrli planına uyğun olaraq 1951-ci ildə Dərələyəz Mahalının Çivə kəndindən 90 ailə Bərdə rayonunun Əmirli kəndinə deportasiya olunub. Köçürülən sakinlər əvvəlcə tarixi yurd yerlərinin adının yaşaması üçün kəndin adını Çivə qoymaq istəyiblər. Ancaq kəndin özünün İmirli adının qədimliyini düşünərək, bu adın saxlanmasına qərar veriblər.

Sonra sosial, ictimai-siyasi, mədəni və digər platformalarda Dərələyəz hərəkatının aparıcı qüvvəsi kimi çıxış edən, ADPU-nun prorektoru, Qərbi Azərbaycan Dərələyəz (Keşkənd) İcmasının rəhbəri professor Mahirə Nağıqızı çıxış edərək tədbir iştirakçıları ilə öz düşüncələrini bölüşüb: “Elmlə bağlı bir vərəq kağızın özü belə bizim üçün maraqlıdır. Ona görə də bu gün burada Azərbaycan Dövlət Pedaqoji Universtitetinin professor və müəllim heyətinin 10 nəfərə yaxın nümayəndəsi iştirak edir. Bir daha qeyd edim ki, həmin şəxslər, onların təmsil etdiyi təhsil ocağı, Azərbaycan Dövlət Pedeqoji Universtitetinin professor və müəllim heyətinin rəhbərliyi, yəni tək Mahirə xanım yox, tək Əziz müəllim yox, tək Könül xanım yox, bütünlüklə hamı Qərbi Azərbaycan ideyası uğrunda çalışır. Bu baxımdan, biz Qərbi Azərbaycan uğrunda nə qədər çətin məsələlər varsa, hamısının öhdəsindən gəlməyə hazırıq.

Yeri gəlmişkən, Bərdə torpağında ikinci dəfə oluram.

Biz Bərdə haqqında Nizamidən oxumuşuq. 2020-ci ildə başlamış Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin büstünün açılışında iştirak etmişəm. Amma Bərdə torpağını Vətən edən şəhidlərimizin məzarı bizim üçün ən qiymətli abidədir. Bərdə torpağını əziz edən, qiymətli edən həm də onun vaxtilə Qərbi Azərbaycandan erməni vəhşilərinin zülmündən qaçanlara öz qucağını açmasıdır. Bu torpaq həm də məhz buna görə bir daha qiymətlidir. Mən yaradıcılıqla da məşğulam. Şer yazıram. Amma şer yazmaqla vətəni azad etmək olmur. Bu müqəddəs amal uğrunda yalnız hərəkət lazımdır. İçdən, qəlbdən doğan arzu, istək gərəkdir. Avropa alimlərindən biri demişdir ki, təki istə, arzula, arzun yerinə yetəcək. İstəmisənsə, demək, edəcəksən. Biz də 30 illik işğaldan torpaqlarımızı azad etməyi istədik və nail olduq.

Xankəndi işğaldan necə azad olunubsa, əminəm ki, bu qələbəni , bu sevincli günləri eləcə də Qərbi Azərbaycanda, Dərələyəzdə, Göyçədə, Qarakilsədə və qərib torpaqlarımızda qeyd edəcəyik.

Professor Mahirə Nağıqızı Keşişkənd və Qozulca toponimlərinin etimologiyası ilə bağlı maraqlı fikirlər irəli sürərək, bu toponimlərin əslinin Keşişkənd deyil, Keşkənd, Qozulca deyil, Qozluca olmasını qeyd etdi. Alim bildirdi ki, Qozulca “Qozluca” sözündən olub, mənası qoz məhsulu çox olan yer deməkdir. Keşişkənd adının əsli isə Keşkənd deməkdir: yəni kəndlərə keçid olan kənd mənasında.

Xəyalım aşan dağ

Anam Nazlı xanım İbrahim Mirzəlioğlu qızı 93 yaşındadır. Nazlı xanım Dərələyəz haqqında danışanda ancaq qımıldanır, musiqi səsində bayatılar söyləyir. Həmin an gözündən yaş süzülür. Həsrətini belə yaşayır anam. Bu – təbiidir. Hər bir insan vətənə olan sevgisini bir cür ifadə edir. Biri kitab yazır, biri bayraq qaldırır.Nazlı anam da Dərələyəzi öz bayatısında, düşüncəsində, ruhunda yaşadır. O, bizi də belə tərbiyə edib.

Mən aşığam at aşa,

Doğra bağrım, qat aşa.

Xəyalım aşan dağı

İnanmaram at aşa.

Nam öz bayatılarını yaradanda Dərələyəzə qayıtmağımıza inam az idi. Soruşurduq, cavab ala bilmirdik. Susardı, bizə heç nə deməzdi. Dərdini ürəyində çəkərdi. Çünki zaman ermənilərin xeyrinə idi. İndi isə bizim zamanımızdır. Başımızın üstə Ali Baş Komandanımız var. Biz onun ətrafındayıq, onun arxasındayıq,ona inanırıq. Qarabağın azad olunmasına necə inanırdıqsa, bu gün də Dərələyəzə qayıdacağımıza elə inanmalıyıq.

Kitab haqqında onu deyim ki, köçmə bileti kitabın deyərdim ki, möhürüdür.

Mən Səməd müəllimin kitabını alqışlayıram. Kitabın üzərindəki köçmən biletinin təsviri özü belə kitabın məzmununa rəng qatır. Ola bilsin ki, kimsə kitabın içindəkilərlə tanış olmasın. Sadəcə, kitabın üz qabığını görsün. Dərhal anlayacaq ki, söhbət Qərbi Azərbaycandan köçürülmədən gedir. Bu mənada, köçmə bileti kitabın, deyərdim ki, möhürüdür. Kitabın belə məzmunlu tərtibatına görə Səməd müəllimi alqışlayıram. Kitab Qərbi Azərbaycandan köçürülən insanların həyat hekayələrinin üzərində qurulması da, əslində, real, canlı tarixi faktların sənədləşdirilməsi deməkdir”.

Sonra çıxış edən ehtiyatda olan polis polkovniki Ənvər Quliyev bildirib ki, Azərbaycanda yürüdülən dövlət siyasəti nəticəsində 200 illik torpaq itkilərindən sonra Azərbaycan xalqı öz torpaqlarını geri qaytardı. Biz inanırıq ki Qərbi Azərbaycanla bağlı siyasətdə özünü doğruldacaq.

AMEA-nın Folklor İnstitunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy Qərbi Azərbaycana qaydışın folklor və yaddaşdan keçdiyini söyləyərək bildirdi: “Professor Mahirə Nağıqızı Nazlı anadan bayatılar dedi. Bəli biz Nazlı ananın folklor yaddaşı ilə Qərbi Azərbaycana qayıdacayıq!”

Kitabın rəyçisi, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova isə çıxışında bildirdi ki, Qərbi Azərbaycana qaydış konsepsiyası bizim gündəlik işimizə çevrilməlidir! Biz hökmən Qərbi Azərbaycana qayıdacayıq.

Sonra İmirli kənd orta məktəbinin şagirdləri Zeynəb Abışova və Aytac Anıyeva mərhum professor Həsən Mirzəyevin və professor Mahirə Nağıqızının Dərələyəzə həsr edilmiş şerlərini səsləndirdilər.

Tədbirin sonunda polkovnik Ənvər Quliyevə və Möhübbət Səmədoğluna Müvəkkil Hüquq Mərkəzinin fəxri diplomları təqdim edildi.