Ələt-Astara-İran magistralının 97 kilometr hissəsi yenidən qurulur

M3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulur.

Yerveinsan.az Agentliyə istinadla xəbər verir ki, 2-ci texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilən yolun uzunluğu 71 kilometr təşkil edir. Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla, torpaq yatağının eni 15 metrə qədər genişləndirilir, bura 7.5 metr hərəkət hissəsi daxildir. Yenidənqurma işləri zamanı marşrut üzrə bütün süni qurğular, suötürücü borular və avtomobil körpülərinin tikintisi davam etdirilir.

Hazırda layihə çərçivəsində torpaq işləri, kipləşdirmə işləri görülür, yol yatağı hazır olan hissələrdə yol əsasının inşası aparılır. Yol əsası hazır olan hissələrdə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir.

Bununla yanaşı, atmosfer sularının ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik suötürücü dairəvi və düzbucaqlı borular inşa edilir. Artıq 52 suötürücü borunun tikintisi yerinə yetirilib. Layihə üzrə 7 körpünün inşası da davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsi üzrə də əsaslı təmir işləri aparılır.

Uzunluğu 26 kilometr olan sözügedən hissəsi 3-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 12 metrə qədər genişləndirilir.

Hazırda həmin hissə üzrə torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri görülür. Texnoloji ardıcıllığa uyğun yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də yerinə yetiriləcək.

Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunur. Layihə üzrə artıq 28 suötürücü borunun tikintisi yekunlaşıb.