Xalq artisti vəfat edib
Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova vəfat edib.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
93 yaşında vəfat edən görkəmli balerina və xoreoqraf Rəfiqə Axundova bu gün İkinci Fəxri xiyabanda dəfn ediləcək. Onunla vida mərasimi saat 12:00-da Təzə Pir məscidində olacaq. Dəfn isə saat 14:00-a nəzərdə tutulub.
Qeyd edək ki, Rəfiqə Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçib (1951–1952, Moskva). Azərbaycan Opera və Balet Teatrının solisti olub (1951–1971). 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteridir. Əsas partiyaları: Ayişə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q.Qarayev), Gülşən ("Gülşən", S.Hacıbəyov), Gülyanaq ("Qız qalası", Ə.Bədəlbəyli), Şirin ("Məhəbbət əfsanəsi", A.Məlikov), Zarema ("Baxçasaray fontanı", B.Asafyev), Jizel ("Jizel", A.Adan) və s. Əri Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında "Xəzər balladası" (1968, T.Bakıxanov), "Qobustan kölgələri" (1969, F.Qarayev), "Yallı" və "Azərbaycan süitası" (1969, R.Hacıyev), "İldırımlı yollarla" və "Yeddi gözəl" (1975, 1978, Q.Qarayev), "Babək" (1986, A.Əlizadə), "Şelkunçik" (1988, P.Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" (1976) baletlərinin quruluşunu verib. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib.
Əlcəzairdə "Üç inqilab" (1973, R.Hacıyev; M.Məmmədovla birgə) ilk milli baletini, Malmödə "Muğam" (1975, N.Əliverdibəyov) musiqili xoreoqrafiya lövhəsini, Qahirədə "Yeddi gözəl" (1979), Antverpendə "Kaleydoskop (1980, F.Qarayev) baletlərini (hər ikisi M.Məmmədovla birgə) tamaşaya qoyub. "Xəzər balladası", "Qobustan kölgələri" və "Azərbaycan süitası" 1969 ildə Parisdə keçirilən 7-ci Beynəlxalq rəqs festivalında nümayiş etdirilmiş və Paris Rəqs Akademiyasının diplomuna layiq görülüb. 1994-cü ildə "Yeddi gözəl" baletini Ankarada tamaşaya qoyub (M.Məmmədovla birgə).