Fransanın daha bir regionu muxtariyyət istəyir

Korsika adasının gələcəyinə dair sənədin hazırlanması Fransanın digər regionlarında da marağa səbəb olub.

 “Figaro” qəzeti xəbər verir ki, Elzas regionu da Fransa daxilində muxtariyyət məsələsini müzakirəyə çıxarmaq istəyir. Elzas Avropa Topluluğunun (yerli idarəetmə orqanı – red.) prezidenti Frederik Byeri bildirib ki, elzaslılar Korsikada baş verənləri diqqətlə izləyirlər.

Qeyd edək ki, Elzas 2015-ci ildə bir neçə ərazi vahidi ilə birgə yeni yaradılmış Qrand Est (Böyük Şərq) regionunun tərkibinə verilib. Frederik Byeri elzaslıların yenidən muxtariyyət əldə etmək istədiyini bildirir. O, Daxili İşlər Nazirliyinə müraciətində qeyd edib ki, yerli əhalinin tələbi demoqrafik və tarixi baxımdan məntiqlidir.

“Avropa perspektivi ölkələrin reallıqlarına daha obyektiv yanaşmağa imkan verir. Regional muxtariyyət Avropa demokratiyasının standartıdır. Fransa isə mərkəzləşmiş dövlət institutları ilə prezident monarxiyası olaraq qalır. Korsika ilə əldə olunmuş kiçik razılaşma hələ ki, qorxaq təşəbbüsdür, Daş dövründən çıxışın başlanğıcıdır”, – deyə Byeri vurğulayıb.

Korsikanın ardınca Bretan regionu və Basklar ölkəsində də muxtariyyətlə bağlı fikirlər daha intensiv səsləndirilir.

Qeyd edək ki, martın 12-də Korsikanın yerli hökuməti adanın gələcəyinə dair qanun layihəsini müzakirə edib. Qanun layihəsində adanın Fransa daxilində muxtariyyəti tanınır. Lakin heç bir halda adanın Fransadan ayrılmasından söhbət getmir. Sənəddə “Korsika xalqı” deyil, “mədəni icma” termini yer alır.//Azərtac