Cüdoçularımız “Minsk 2019”un dördüncü gününə qələbələrlə başlayıblar

İyunun 24-də - “Minsk 2019” dördüncü, cüdo yarışlarının isə üçüncü günündə idmançılarımız mübarizəyə qələbələrlə başlayıblar.

100 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri səkkizdəbir finalda sloveniyalı Vito Draqiçə ipponla qalib gələrək dörddəbir finala yüksəlib. Dörddəbir finalda onun rəqibi hollandiyalı Roy Meyer olacaq.

Oyunlarda 100 kiloqram çəki dərəcəsində çıxış edən Elmar Qasımov onaltıdabir finalda ukraynalı Anton Savitskiyə vazzari fəndi ilə qalib gələrək səkkizdəbir finala yüksəlib. İdmançımız bu mərhələdə estoniyalı Qriqori Minaşkini ipponla (11:0) məğlubiyyətə uğradaraq adını dörddəbir finala yazdırıb. O, dörddəbir finalda fransalı Siril Mane ilə görüşəcək.

Bu çəki dərəcəsində mübarizə aparan Zelin Kotsoyev onaltıdabir finalda serbiyalı Boyan Dosen üzərində ipponla qələbə qazansa da, səkkizdəbir finalda Belçika təmsilçisi Toma Nikiforova uduzub.

Cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) Belarus təmsilçisi Yahor Varapayevə qalib gələrək adını səkkizdəbir finala yazdırıb. O, bu mərhələdə fransalı Aurelien Disse ilə görüşəcək.

Qadın cüdoçularımızdan İrina Kindzerska (78 kq) səkkizdəbir finalda almaniyalı Yasmin Kuelbs ilə görüşəcək.

Oyunların dördüncü günündə Azərbaycan idmançıları tramplin gimnastikası, boks və badminton yarışlarında da mübarizə aparırlar.

Tramplin gimnastikası üzrə kişilərin sinxron yarışında ölkəmizi Ruslan Ağayev – İlya Qrişunin dueti təmsil edir.

Badminton yarışında G qrupunda çıxış edən təmsilçimiz Ezmi Qovimuramadhoni ilk görüşdə Rumıniya idmançısı Kollins Valentin Filimon ilə üz-üzə gələcək. Turnirin reqlamentinə əsasən qrup mərhələsində ilk iki yeri tutan badmintonçu səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaq.

Kişi boksçuların mübarizəsində Tayfur Əliyev (56 kq) səkkizdəbir finalda Ukrayna təmsilçisi Mikola Butsenko ilə qarşılaşacaq. Boksçumuz ilk görüşdə - onaltıdabir finalda bolqarıstanlı Boyan Asenovu 3:2 hesabı ilə məğlub edib. Qadın boksçuların yarışında mübarizəyə səkkizdəbir finaldan başlayacaq Məryəm Cəbrayılova (69 kq) macarıstanlı Vivien Buday ilə görüşəcək.

Xatırladaq ki, “Minks 2019”da Azərbaycan yığmasının aktivində 4 gümüş və 4 bürünc medal var.