Fransanın xarici borcu 800 milyard avroya çatıb
Fransa Bankının təqdim etdiyi hesabata görə, Fransanın cari hesab kəsiri ötən il 28 milyard avroya çatıb.
Fransa Bankının direktoru Fransua Vilerua dö Qalo (Fransua Villeroy de Galhau) 2023-cü il üçün illik tədiyə balansını təqdim edərkən “Fransa çəyirtkədir”, - deyə ölkəsinin heç nə etmədiyini, tənbəl olduğunu qeyd edib. Bildirib ki, bu balans yeni əsaslarla müəyyən edilsə də, nəticələr dəyişməz olaraq qalır.
Ötən il Fransada 28 milyard avro və ya ÜDM-in təxminən 1 faizi həcmində cari hesab kəsiri qeydə alınıb. Bu vəziyyət Almaniya, İtaliya və İspaniya kimi böyük qonşu ölkələrin profisitləri ilə ziddiyyət təşkil edir. 2022-ci ildə 79 milyard kəsiri olan avro bölgəsi ötən il ÜDM-in 1,8 faizini təşkil edən 240 milyardlıq profisit nümayiş etdirib. Bununla belə, Fransanın xarici borcu 800 milyard avroya və ya ÜDM-in 28 faizinə çatıb. Halbuki bu rəqəm 2022-ci ildə ÜDM-in 24,8 faizinə bərabər idi.
Fransua Vilerua dö Qalo xarici borcun bu cür pisləşməsini Fransa iqtisadiyyatının zəif tərəflərinin əks olunması kimi ifadə edib. O, dövlət kəsiri ilə xarici ticarət arasında korrelyasiya olduğunu vurğulayıb və hökuməti rəqabət qabiliyyətini artırmaq üçün səyləri ikiqat artırmağa çağırıb. Bununla da gələcək hökumətə ölkənin maliyyə durumu ilə bağlı mesaj verib.
Qeyd edək ki, bir neçə gün əvvəl ölkənin Hesablama Palatası da maliyyə durumunun kritik vəziyyəti ilə bağlı xəbərdarlıq edib. (AZƏRTAC)