Türkiyənin təhsil naziri ölkədəki fransız məktəblərinin fəaliyyətini tənqid edib
Türkiyə dövləti ölkə qanunvericiliyinin tələblərinə məhəl qoymayan 12 fransız məktəbinin fəaliyyətini tanımır.
Bu barədə Türkiyənin milli təhsil naziri Yusuf Tekin respublika parlamentində jurnalistlərlə söhbətində bildirib.
O qeyd edib ki, Türkiyə Təhsil Nazirliyinə hesabat vermədiyi üçün həmin məktəblərdə təhsil alanların sayını bilmir. Nazir əlavə edib: “Bu məktəblər ölkənin qanunvericilik çərçivəsindən kənarda fəaliyyət göstərir. Əgər Fransa tərəfi öz mövqeyinə yenidən baxarsa, o zaman təhsil prosesi ilə bağlı heç bir şikayət olmayacaq. Əks halda, Təhsil Nazirliyi onların fəaliyyətini rədd edir”.
Tekin xatırladıb ki, Ankara bu məsələni Paris qarşısında üç dəfə (1993, 1998 və 2000-ci illərdə) qaldırıb, lakin Fransa tərəfi hər dəfə Türkiyənin tələblərinə məhəl qoymayıb. Onun sözlərinə görə, rəhbərlik etdiyi nazirlik artıq 12 fransız məktəbinə qarşı hüquqi prosedurlara əl atıb.
Eyni zamanda, nazir Türkiyədə fransız məktəblərinin problemini həll etməyə və Avropadakı türk diasporunun nümayəndələri üçün təhsil imkanlarını genişləndirməyə kömək edəcək təhsil sahəsində sazişin imzalanması məsələsi ilə bağlı Fransa ilə danışıqlara başlamağı istisna edib.
Türkiyədəki fransız səfirliyi daha əvvəl bildirmişdi ki, Ankara Parisə rəsmi nota göndərib və ona əsasən, bu ildən etibarən Türkiyədə 12 fransız məktəbinə şagird qəbulu qadağan edilib.
Fransa diplomatik missiyası tərəflər arasında razılaşma olmadığı təqdirdə məktəblilərin Türkiyənin müxtəlif təhsil müəssisələrinə köçürüləcəyini istisna etməyib. (AZƏRTAC)