Güləşçimiz Nurməhəmməd Hacıyev zədələndiyi üçün final görüşündə iştirak edə bilməyib

İyunun 27-də Azərbaycanın sərbəst güləşçisi Nurməhəmməd Hacıyev (97 kq) ikinci Avropa Oyunlarının gümüş medalına sahib olub.

Güləşçimiz yarımfinalda zədələndiyi üçün Rusiya pəhləvanı Abdulrəşid Sadullayev ilə final matçında rəmzi olaraq iştirak edib. Rusiyalı güləşçi texniki qələbə sayəsində “Minsk 2019”un çempionu adına layiq görülüb.

İkinci Avropa Oyunlarında mübarizəyə səkkizdəbir finaldan başlayan N.Hacıyev polşalı Radoslav Baranı (8:0), dörddəbir finalda isə Gürcüstan təmsilçisi Elizbar Odikadzeni (7:3) məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. İdmançımız yarımfinalda Ukrayna təmsilçisi Murazi Mçedlidzeyə qalib gəlib - 7:0. Lakin həmin görüşdə atletimiz zədələndiyi üçün final qarşılaşmasında iştirak edə bilməyib.

N.Hacıyev “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının çempionu və iki dəfə Avropa çempionatlarının üçüncüsü olub.

Beləliklə, sərbəst güləşçilərimiz ikinci Avropa Oyunlarında Azərbaycana 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazandırıblar. Qızıl medalları Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) ölkəmizin aktivinə yazdırıblar. Nurməhəmməd Hacıyev (97 kq) gümüş, Hacımurad Hacıyev (74 kq) və Cəmaləddin Maqomedov (125 kq) isə bürünc medallara layiq görülüblər.

Bu gün isə Azərbaycanın dörd qadın güləşçisi mübarizəyə qoşulub. Təmsilçilərimizdən Mariya Stadnik (50) və Elmira Qəmbərova (62 kq) finala vəsiqəni təmin ediblər. Alyona Kolesnik (57 kq) isə təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Güləşçilərimizin dördü də növbəti – sonuncu görüşlərini iyunun 28-də keçirəcəklər.

Emil Hüseynli