Çingiz Aytmatovun “Ağ gəmi”sinin 55 illiyi ilə əlaqədar əsərin müzakirəsi keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi “Yubilyar kitablar” silsiləsi çərçivəsində İ.İbrahimov adına 167 №-li tam orta məktəbdə Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun “Ağ gəmi” hekayəsinin 55 illiyi ilə əlaqədar əsərin müzakirəsini keçirdi.
Abonement bölməsinin müdiri Lalə Səlimova “Ağ gəmi” hekayəsinin müəllifin təsirli əsərlərdən biri olduğunu bildirdi və qeyd etdi ki, əsər dərin mənalı, simvolik və psixoloji məzmun daşıyan bir hekayədir və insanın mənəvi faciəsi mövzularını əhatə edir. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Kulturologiya fakültəsinin tələbəsi Rəqsanə Sayıllı əsərin baş qəhrəmanı, valideynləri ayrılmış, dağların qoynunda uzaq bir meşədə nənəsi və babası ilə yaşayan uşağın ağ gəmiyə minib atasını tapmaq və xöşbəxt olmaq xəyallarından danışdı.
Məktəbin ədəbiyyat müəllimi Samirə Məmmədova “Ağ gəmi” əsərində uşağın babasının danışdığı “Maral ana” nağılına böyük sevgi və inamla yanaşdığını, lakin babanın sərxoş vəziyyətdə maralı öldürməsi ilə uşağın dünyasını alt-üst etdiyini qeyd etdi və bildirdi ki, uşaqların dünyasına vurulan zərbə onlarda inamın dağılmasına və saf duyğuların məhv olmasına səbəb olur. “Ağ gəmi” – ümid, xilas, təhlükəsizlik, uşaq isə məsumiyyətvə saf sevgi simvoludur.
Məktəbin 10b sinif şagirdi Arif Allahverdiyev “Ağ gəmi” əsərində oğlanın xəyalları ilə reallıq arasında qaldığı vəziyyətdən, haqsızlıqlara qarşı müdafiəsiz olduğundan, babasının və onun dostlarının içki düşkünü olması ilə onun ümidlərini məhv etməsindəndanışdı.
Məktəbin müəllimi Məlahət Rəvanova insanların təbiətə və bir-birinə qarşı vəhşiliyini tənqid etdi və əsərin sonunun faciəvi şəkildə tamamlanmasını bildirdi.
Tədbirdə iştirak edən şagirdlər hekayə haqqında öz fikirlərini bölüşdülər. Tədbir maraqlı diskussiya ilə yekunlaşdı.