Dünyada təhsil -15 aprel Ekoloji Biliklər Günü kimi qeyd olunur

Hər il aprelin 15-i dünyanın bir çox ölkəsində Ekoloji Biliklər Günü kimi qeyd olunur. Bu günün əsası 1992-ci ildən, BMT-nin Rio-de-Janeyroda ətraf mühit problemlərinin müzakirə olunduğu konfransda qoyulub. Bu konfransda bütün dünya ölkələrinin əhalisinin davamlı inkişafı üçün ekoloji təhsilin böyük əhəmiyyəti vurğulanıb.
Bu günün əsas məqsədi ekoloji biliklərin təbliği və əhalinin ekoloji mədəniyyətinin formalaşdırılması, ətraf mühitin təhlükəsizliyi sahəsində işlərin vəziyyəti və ətraf mühitin vəziyyəti barədə ictimaiyyətin məlumatlandırılması, ekoloji düşünməyi bilən vətəndaşın tərbiyəsi və hazırlanmasıdır.
Müasir dünyada ekoloji təhsilin əhəmiyyəti artıq şübhə doğurmur və bir çox ölkələrdə təlim və təhsilin prioritet sahəsidir. Əhalinin ekoloji mədəniyyətinin və təbii mühitə qayğıkeş münasibətinin formalaşdırılması üzrə fəaliyyət bütün bəşəriyyət üçün təhlükəsiz gələcəyin açarıdır.
"Ekologiya" termini (yunanca "oikos" - ev, sığınacaq və "loqos" - elm, tədris) ilk dəfə 1866-cı ildə alman bioloqu Ernst Hekkel tərəfindən təqdim edilib. Müasir mənada ekologiya orqanizmlər və ətraf mühit arasındakı əlaqələr haqqında elmdir. Buna görə də, bəşəriyyətin artan ehtiyacları ilə planetin tükənən imkanları arasında ağlabatan tarazlığa nail olmaq üçün, təbiətin onsuz da pisləşən vəziyyətini qoruyaraq, dövrümüzdə hər kəs minimum ekoloji biliklərə və ətraf aləmlə diqqətlə qarşılıqlı əlaqəyə malik olmalıdır.
Ekoloji təhsil və maarifləndirmə ekoloji problemlərin həllinin ən mühüm vasitəsi kimi beynəlxalq səviyyədə tanınıb. BMT-nin 2005-2014-cü illər üçün elan etdiyi Davamlı İnkişaf naminə Təhsil Onilliyinin proqramına bu gün də öz aktuallığını itirməyən bütün dünyada ekoloji təhsilin inkişafı vəzifəsi də daxil edilib.
Ekoloji təhsil və təlim ölkəmizdə ümumi təhsil müəssisələrinin fəaliyyətinin prioritet sahələrindən biridir. Təbii ki, qlobal ekoloji problemlər yalnız milli və qlobal səviyyədə birgə səylərlə həll oluna bilər, lakin hətta konkret bir şəxs öz yaşayış yerinin ekologiyasını yaxşılaşdıra bilər - məsələn, su və elektrik enerjisi istehlakına daha diqqətli olmaq, plastik torbalardan imtina etmək və s.
Ekoloji Biliklər Günündə ali məktəblərdə, məktəblərdə, elmi müəssisələrində ekologiya və ətraf mühitin mühafizəsi məsələlərinə həsr olunmuş müxtəlif konfranslar, seminarlar, sərgilər, “dəyirmi masa”lar və digər tədbirlər, xüsusən də “Ekologiya aylığı”, “ağacəkmə” kampaniyaları keçirilir.
Oruc Mustafayev