Tramp administrasiyası Harvard Universitetinin milyardlarla dollar vəsaitini dondurub

ABŞ hökumətinin universitetlərdən tələb etdiyi kurs dəyişiklikləri ilə bağlı yaranmış mübahisə fonunda, hökumət Harvard Universitetinə ayrılmış milyardlarla dollar məbləğində maliyyəni dondurub.

Bu addım tanınmış universitetin vətəndaş hüquqlarına hörmətsizlik göstərməsi və antisemitizmlə mübarizədə kifayət qədər səylə çıxış etməməsi ilə əsaslandırılıb. Universitet hökumətin bir sıra tələblərini yerinə yetirməkdən imtina edib.

ABŞ Prezidenti Donald Tramp ümumilikdə Harvard Universitetinə ayrılmış 2,2 milyard ABŞ dolları dəyərində çoxillik qrantların və 60 milyon dollar dəyərində dövlət müqavilələrinin maliyyələşdirilməsini dayandırıb.

Cümə günü göndərilən məktubda hökumət universiteti bir sıra dəyişikliklər etməyə və müxtəlif öhdəliklər götürməyə çağırıb. Belə ki, universitet xarici tələbələrin davranış kodeksini pozmaları barədə federal orqanlara məlumat verməli, tələbə, müəllim və işçilərin “baxış bucaqlarının müxtəlifliyi”nin qiymətləndirilməsi üçün yoxlama aparmalı, müxtəliflik meyarlarına əsasən tələbə qəbuluna və işə qəbul prosesinə son qoymalıdır.

Harvard rəhbərliyi daha əvvəl bu tələbləri rədd etmişdi. “Hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq, heç bir hökumət özəl universitetlərə nəyi tədris edəcəklərini, kimi qəbul və işə götürəcəklərini, eləcə də hansı sahələrdə tədris və tədqiqat aparacaqlarını diktə etməməlidir”, - deyə Universitetin prezidenti Alan Qarberin məktubunda bildirilir.//Azərtac