İsrail itki sayını açıqladı

İsraildə iyunun 13-dən bəri İranın zərbələri nəticəsində 24 nəfər həyatını itirib.
Bu barədə İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Qendelman öz “Telegram” kanalında məlumat paylaşıb.
“Mülki əhali arasında itkilər: 24 nəfər həlak olub”, - deyə paylaşımda bildirilir. Yaralı sayının isə 647 nəfər təşkil etdiyi qeyd olunur.
Qendelman əlavə edib ki, əməliyyatın başlanmasından bəri İsrailin ərazisinə 400-ə yaxın raket və yüzlərlə pilotsuz uçan aparat buraxılıb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.//Trend