Mahmud Kaşqari adına Beynəlxalq Fondun yeni nəşrləri ictimaiyyətə təqdim olunub

Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında ümumrespublika və Beynəlxalq konfransların təşkili, elmi simpoziumların keçirilməsi, nəzəri-təcrübi əhəmiyyətli dərsliklərin, tərcümə əsərlərinin, elmi monoqrafiyaların nəşri artıq ənənə halını alıb.
Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin rəhbərliyi ilə gerçəkləşən bu layihələr cəmiyyətimizdə elmi-ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və böyük maraqla qarşılanır.
Bu günlərdə fondun layihələrinin uğurlu nəticəsi kimi işıq üzü görən, respublikamızın tanınmış pedaqoqu, alim, şair, tərcüməçi Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş “Ruhlarla danışan adam” məqalələr toplusu, şair Qadir Hüseynovun “Mənim dünyam…” şeirlər toplusu və gənc tədqiqatçı Tural Adışirinin “Publisistik və poetik düşüncələr” kitabı Prezident Kitabxanasına, M.F.Axundzadə adına Milli Kitabxanaya, şəhər və rayon kitabxanalarına və ictimaiyyətə təqdim olunub.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasından bildirilib ki, Vaqif Aslanın 75 illik yubileyinə ərməğan olaraq nəşrə hazırlanan “Ruhlarla danışan adam” kitabının Şəki şəhər Heydər Əliyev Mərkəzində, habelə Azərbaycan Milli Elmlər Akademiyasında təqdimatı keçirilib. Əsasən yubiley təbriklərinin yer aldığı “Vaqif Aslan – 75”, “Vaqif Aslan yaradıcılığı haqqında yazılanlar”, “Müsahibələr”, “Vaqif Aslanın avtobioqrafiyası” fəsillərində bütövləşən, söz ustadının yaradıcılığını müxtəlif aspektlərdən işıqlandıran bu kitab monumental tədqiqat əsərini xatırladır və ədibin elmi, ədəbi və pedaqoji fəaliyyətinə qiymətli töhfədir.
Fondun yeni nəşrlərindən biri də şair Qadir Hüseynovun “Mənim dünyam…” şeirlər toplusudur. Kitabda müəllifin Vətənimiz Azərbaycana, Zəfərimizə, Qarabağ fatehi Ali Baş Komandanımıza, Türk dünyasına həsr etdiyi şeirlər xüsusilə diqqət çəkməkdədir.
Fondun gerçəkləşdirdiyi növbəti layihə isə Şəki ədəbi mühitinin təmsilçisi, gənc tədqiqatçı Tural Adışirinin Azərbaycanın şimal-qərb bölgəsinin folkloruna aid orijinal elmi araşdırmaları, müasir ədəbi prosesin ayrı-ayrı nümayəndələri haqqında publisistik məqalələri toplanmış “Publisistik və poetik düşüncələr” kitabıdır.
“Elm və Təhsil” nəşriyyatında səhih dizayn və nəfis tərtibatla işıq üzü görən bu kitablar geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Lətifə Məmmədova,
tarix üzrə fəlsəfə doktoru