Pakistan və Azərbaycan arasında bərpaolunan enerji sahəsində yaşıl əməkdaşlığın imkanları müzakirə olunub

İyulun 23-də Şamaxıda Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un sədri Muxtar Babayev ilə Pakistanın İqlim Dəyişiklikləri və Ətraf Mühitin Koordinasiyası naziri Musadik Malik arasında görüş keçirilib.

Görüşdə qlobal iqlim əməkdaşlığının gücləndirilməsi, iqlimdə davamlılıq, təsirlərin azaldılması və dayanıqlı inkişaf sahələrində koordinasiya olunmuş səylərin vacibliyi vurğulanıb. Tərəflər iqlim dəyişikliyinin təsirlərinin artdığı bir dövrdə beynəlxalq ictimaiyyətin dərhal və ədalətli şəkildə hərəkətə keçməli olduğunu qeyd ediblər.

Musadik Malik bildirib ki, iqlimlə bağlı fəlakətlərin ən ağır nəticələrini Qlobal Cənub ölkələri çəksə də, tarixi və hazırkı istixana qazı emissiyalarının böyük hissəsinə Qlobal Şimal ölkələri cavabdehdir. O, iqlim baxımından ən həssas ölkələrdən biri olan Pakistanın dünyanın iki ən böyük karbon emissiyası olan ölkəsi ilə qonşuluqda yerləşdiyini və bu vəziyyətin ölkənin risklərini daha da artırdığını vurğulayıb.

“İqlim dəyişikliyi sərhədləri tanımayan bir böhrandır. Onun nəticələri, - istər daşqınlar, istər istilik dalğaları, istərsə də çirklənmə, - milli sərhədlərlə məhdudlaşmır. İnkişaf etmiş ölkələr nümunə göstərməli, iqlim maliyyəsi ilə bağlı öhdəliklərini yerinə yetirməli və texnologiya transferi və potensialın artırılması vasitəsilə iqlimə həssas ölkələri dəstəkləməlidir”, - deyə Musadik Malik bildirib.

Görüş çərçivəsində Pakistan və Azərbaycan arasında bərpaolunan enerji, iqlimə uyğunlaşdırılmış kənd təsərrüfatı, fəlakət riskinin azaldılması və uyğunlaşma strategiyaları sahələrində yaşıl əməkdaşlığın yeni imkanları da müzakirə olunub.

Musadik Malik Pakistanın çoxtərəfli iqlim idarəçiliyinə sadiqliyini bir daha təsdiqləyib və ümid etdiyini bildirib ki, COP29 ədalətli, inklüziv və elmi əsaslara söykənən qlobal iqlim gündəliyi istiqamətində əhəmiyyətli irəliləyişlərə səbəb olacaq.