“SOCAR“dan Ai-95” yanacağının satışı ilə bağlı MÜHÜM AÇIQLAMA

“SOCAR” brendli yanacaqdoldurma stansiyalarında (YDS) “Aİ-95” markalı yanacağın satışı dayandırılmayıb.
Bu barədə “SOCAR Petroleum” QSC-dən son günlər Bakının bir çox yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium benzinin satışı dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirilib.
Qeyd olunub ki, son günlər yüksək tələbat səbəbindən bəzi stansiyalarda müvəqqəti olaraq yanacaq ehtiyatı tükənib: "Lakin bu gündən etibarən bütün YDS-lərdə “Aİ-95” markalı yanacağın satışı tam bərpa olunur və sürücülər stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər".
Qeyd edək ki, “SOCAR Petroleum” QSC 2008-ci ildə təsis edilib və Azərbaycan ərazisində “SOCAR” brendi altında neft və qaz məhsullarının alqı-satqısını, eləcə də beynəlxalq standartlara uyğun keyfiyyətli təchizat xidmətini həyata keçirir.
Şirkətin ilk 3 yanacaqdoldurma stansiyası 2010-cu il mayın 7-də istifadəyə verilib. Hazırda ölkə üzrə 69 YDS “SOCAR Petroleum”un balansındadır. Bundan əlavə, şirkətə məxsus 1 Sıxılmış Təbii Qaz terminalı və 13 neft terminalı bazası fəaliyyət göstərir ki, onlardan 11-i regionlarda, 2-si isə Bakıda yerləşir.
Ölkənin aparıcı yanacaqdoldurma şəbəkələrindən biri olan “Azpetrol” şirkətindən “Report”a bildirilib ki, şirkətə məxsus stansiyalarda “Aİ-95” markalı premium benzinin satışı dayandırılmayıb.
“Azpetrol”dan qeyd olunub ki, şirkətin bütün yanacaqdoldurma məntəqələrində mövcud olan 5 növ yanacağın satışı davam etdirilir və bu sahədə hər hansı fasilə qeydə alınmayıb.
Xatırladaq ki, hazırda “Azpetrol” şirkəti Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə 108yanacaqdoldurma məntəqəsinə sahibdir. Bundan əlavə, şirkətin balansında 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyat üçün nəzərdə tutulmuş və müasir standartlara cavab verən 1sıxılmış təbii qaz (CNG) terminalı mövcuddur.
Hazırda fəaliyyət göstərən stansiyalarda 4 sıxılmış təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu, həmçinin 23elektromobil üçün enerji doldurma postu fəaliyyət göstərir.(report)