Qarabağ və Şərqi Zəngəzurda faydalı qazıntı təzahürlərinin qiymətləndirilməsi işləri aparılacaq

Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonları ərazilərində geofiziki anomaliyaların təhlili və faydalı qazıntı təzahürlərinin qiymətləndirilməsi işləri aparılacaq.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Geoloji Kəşfiyyat Agentliyi bununla bağlı müvafiq işlərə başlayıb.

Məlumata görə, əvvəlcə rayon tanışlıq marşurutları təşkil ediləcək, daha sonra regionun litoloji, petroqrafik və mineraloji araşdırmaları aparılacaq. Bunlardan başqa, regionda faydalı qazıntıların axtarışında perspektivli zonalarının öyrənilməsi, şırım sınaqlarının götürülməsi (10x5sm), litokimyəvi sınaqlarının götürülməsi, eləcə də maqnit kəşfiyyatı işləri icra ediləcək.

 Agentlik hazırda qeyd olunan işləri icra edəcək şirkət axtarışındadır.

Eyni zamanda agentlik görüləcək işlərin 199,7 min manata başa gələcəyini proqnozlaşdırıb.//Trend