"Bulvar" tribunasının adı dəyişdiriləcək

"Formula 1" ilə 5 illik müqaviləmiz var. Əlavə sponsorların cəlb olunması üçün də davamlı iş aparırıq".

Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim deyib.

Onun sözlərinə görə, "Bakcell" şirkəti ilə əməkdaşlıq müqaviləsi yarışın əyləncə qismini əhatə edəcək. Anlaşmaya əsasən, Bulvar tribunasına "Bakcell" şirkətinin adı veriləcək və bu tribuna şirkətin korporativ vizual elementləri ilə rənglənəcək.

B.Özerdim "Formula 1" üzrə Azərbaycan Qran Prisinə hazırlıq prosesinin böyük ölçüdə yekunlaşdığını söyləyib: "Bilet satışları ötən mövsümlə müqayisədə daha yaxşıdır. Əsas hədəf ölkə xaricindən daha çox insanın cəlb olunmasıdır. Böyük Britaniya, Hollandiya, Rusiya, Avstraliya və digər yerlərdən böyük maraq görürük".

Qeyd edək ki, Azərbaycan Qran Prisi 26-28 apreldə keçiriləcək.