Azərbaycan Qarabağ və Şərqi Zəngəzur üçün kompleks iqlim dayanıqlığı strategiyasını hazırlayır

Azərbaycan 2050-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzur ərazilərini “təmiz sıfır emissiya” zonalarına çevirmək öhdəliyini üzərinə götürüb.
“Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın Ekologiya və Təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib.
“Bu məqsədə nail olmaq üçün biz yaşıl energetika zonaları, dayanıqlı kənd təsərrüfatı, ekoloji nəqliyyat, ağıllı şəhər və kəndlər, eləcə də minlərlə hektar ərazini əhatə edən genişmiqyaslı meşəbərpa proqramları kimi təşəbbüsləri həyata keçiririk”,- deyə o qeyd edib.
O vurğulayıb ki, strategiya meşələrin dayanıqlı idarə olunmasına, yaşıl zonaların genişləndirilməsinə, hidrometeoroloji monitorinq və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsinə, havanın keyfiyyətinin yaxşılaşdırılmasına, tullantıların idarə olunmasının inkişafına, biomüxtəlifliyin qorunmasına, torpaq ehtiyatlarının bərpasına və iqlim dəyişikliyi ilə mübarizəyə ekoloji nəzarət mexanizmlərinin gücləndirilməsi vasitəsilə xüsusi diqqət ayıracaq.
Tağıyevanın sözlərinə görə, “yaşıl” keçidin sürətləndirilməsi üçün etibarlı hüquqi və normativ baza, səmərəli institusional mexanizmlər və davamlı siyasət vacibdir, tənzimləmə isə yalnız məhdudlaşdırıcı deyil, həm də innovasiyaları və yaşıl investisiyaları stimullaşdırıcı səciyyə daşımalıdır.
“Məsələn, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi istixana qazı tullantılarının tənzimlənməsi haqqında qanun layihəsi hazırlayıb. Bu qanun tullantıların qeydiyyat sistemini, onların Emissiyalarla Ticarət Sistemi (ETS) vasitəsilə uçotunu yaradacaq və milli səviyyədə öhdəliklərimizi yerinə yetirməyimizə kömək edəcək. Digər bir addım isə hazırda hökumət strukturları arasında razılaşdırılma mərhələsində olan tullantıların idarə olunması və tənzimlənməsi qaydalarının hazırlanmasıdır”,- deyə Tağıyeva aydınlaşdırıb.//Trend