Rusiya ilə Azərbaycan arasında heyvan sağlamlığı istiqamətində əməkdaşlıq genişləndirilir

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) Federal Dövlət Büdcə Təşkilatı “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin nümayəndələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.

Bu barədə institutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev nümayəndə heyətinə institutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək qeyd edib ki, qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə institutda qida təhlükəsizliyi, kompleks tədqiqatlar, həmçinin bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir.

Əli Nəbiyev, həmçinin bildirib ki, ölkənin biotəhlükəsizlik statusunun daimi nəzarətdə saxlanılması üçün xüsusi təhlükəli xəstəliklərin vaxtında və dəqiq laborator diaqnostikası həyata keçirilir. Müayinələr peşəkar kadrlar tərəfindən beynəlxalq standartlara uyğun, etibarlı və yüksək dəqiqlikli diaqnostik dəstlərdən istifadə etməklə aparılır. Stasionar laboratoriyalarla yanaşı, 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyalar da epizootoloji monitorinqlər zamanı geniş şəkildə istifadə olunur.

Nümayəndə heyətinə başçılıq edən “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin Tver filialının direktoru Yuliya Jiqareva AQTİ-nin fəaliyyətini yüksək qiymətləndirib və iki ölkənin müvafiq qurumları arasında heyvan xəstəlikləri üzrə elmi-tədqiqat işləri, peyvənd istehsalı, idxal-ixrac əməliyyatları zamanı laborator müayinələrin operativ aparılması sahəsində geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb.

Görüşdən sonra qonaqlar AQTİ-nin Nümunələrlə iş şöbəsi ilə yaxından tanış olublar. Qeyd olunub ki, əsas məqamlardan biri nümunənin sənədlərlə birlikdə təqdim edilməsi və laborator analizlər üçün yararlı olmasıdır. Məxfiliyin qorunması məqsədi ilə nümunə qəbul edildikdən sonra qablaşmanın üzərinə barkod vurulur. Barkodda yalnız nümunənin identifikasiya kodu, laboratoriyanın və nümunənin adı, nümunənin götürülmə və istehsal tarixi məlumatları qeyd olunur. Sonra isə nümunələr analiz üçün müvafiq laboratoriyalara təhvil verilir.