Ağdərənin Həsənriz kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılır

Dekabrın 30-dan başlayaraq Ağdərə rayonunun Həsənriz kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanılır. Həsənriz kəndində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi 2026-cı ilin fevral ayının 2-si günün sonunadək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən  bildirilib ki, Həsənriz kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli Fərmanının 4.1-ci bəndi və Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Sahələr minimum 5 hektar təşkil etməklə dəmyə (suvarılmayan) ərazilər olub, əkin üçün uyğun kənd ətrafında yerləşən torpaqlardır. Bu kəndlərdə dəmyə ərazilər üçün xarakterik olan buğda, arpa, noxud, kartof, yem bitkilərindən olan yonca, xaşa, müxtəlif ot qarışıqlarının əkilməsi nəzərdə tutulur. Su təminatı mümkün olan sahələrdə çoxillik bitkilərdən qoz, fındıq, şabalıd, armud, gilas və bəzi giləmeyvələr yetişdirilə bilər.

Həsənriz kəndinə köçən sakinlər aşağıdakı ardıcıllıqla torpaqlarda güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:

- EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)

- Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Həsənriz” seçməklə ərizə formasını doldurmaq.

- Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Həsənriz kəndinin olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.

Qeyd edək ki, müraciət edən şəxslər ilə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması 2026-cı ilin fevral ayından etibarən həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yem bitkiləri üçün 2 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.