Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib
Azərbaycan neftçi-alimi, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Bağır Ələkbər oğlu Süleymanov dünyasını dəyişmişdir.
B.Ə.Süleymanov 22 iyun 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Qazneftmədən fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
B.Ə.Süleymanov əmək fəaliyyətinə N.Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsində başlamış, 1981–1985-ci illərdə neft və qaz hasilatı üzrə operator, mühəndis vəzifələrində işləmişdir. 1985–1988-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "Neft yataqlarının işlənməsi və istismarı" kafedrasında assistent, 1988–2000-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Neft və qazın qeyri-xətti mexanikası" şöbəsində böyük, aparıcı və baş elmi işçi vəzifələrində çalışmışdır. B.Süleymanov 2000-ci ildən başlayaraq SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunda rəhbər vəzifələrdə çalışmışdır.
Akademik Azad Mirzəcanzadənin elmi məktəbinin yetirməsi olan alim 1987-ci ildə texnika elmləri namizədi, 1997-ci ildə texnika üzrə elmləri doktoru elmi dərəcələrini, 2011-ci ildə professor elmi adını almış, 2014-cü ildə AMEA-nın Yer Elmləri bölməsinin "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2019-cu ildən isə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilmişdir. O, dəfələrlə ölkəmizdə və onun hüdudlarından kənarda təşkil edilən çoxsaylı elmi tədbirlərdə Azərbaycan elmini uğurla təmsil etmişdir. B.Ə.Süleymanovun elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuş, o, 25 fəlsəfə və 6 elmlər doktoru hazırlamışdır.
B.Ə.Süleymanov 321 elmi əsərin, o cümlədən 118 ixtiranın, 2 monoqrafiyanın və 4 dərsliyin, xarici ölkələrdə nəşr edilmiş kitabların müəllifidir. Onun elmi fəaliyyətinin əsas istiqamətini neft yataqlarının işlənməsində heterogen sistemlərin tətbiqinin elmi və təcrübi əsaslarının yaradılması, neft hasilatı üçün yeni texnika, texnologiyaların və kimyavi tərkiblərin işlənib hazırlanması təşkil etmişdir. Alim qazlı Nyuton, qeyri-Nyuton mayelərin və qazın təzyiqin böhrana qədər faza şəraitində məsaməli mühitdə sürüşmə effektinə əsaslanan süzülməsi nəzəriyyəsini işləmiş, neft yataqlarının işlənməsinin statistik modelləşdirilməsi nəticəsində işlənmə prosesinin mərhələlərə bölünməsinin, maksimal hasilatın və çıxarıla bilən ehtiyatların təyini metodikasını hazırlamışdır.
B.Süleymanovun layların neftveriminin artırılması, quyudibi zonanın işlənməsi və su axınlarının təcrid olunması sahəsində yaratdığı yeni texnologiyalar, yeni tipli quyu avadanlığı – dalma nasosları, yeraltı təmiri avadanlığı, quma qarşı süzgəclər, habelə neft sənayesi üçün müxtəlif reagentlər – deemulqatorlar, depresatorlar, səthi aktiv maddələr və s. və s. uğurla tətbiq olunmuşdur.
Yüksək elmi göstəricilərə (istinadlara görə h-indeksi – 31, i10-indeksi – 72) malik olan görkəmli alim 2022-ci ildə ABŞ-nin Stenford Universiteti tərəfindən dünyanın ən nüfuzlu alimlərinin “World Ranking of Top Scientists” reytinq siyahısına daxil edilmişdir
B.Ə.Süleymanov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının "Neft və qaz" bölməsi üzrə xarici üzvü, SOCAR-ın neft və qaz ehtiyatları üzrə mərkəzi komissiyasının üzvü, "Neftqazelmitədqiqatlayihə" İnstitutunun Elmi şurasının sədr müavini, AMEA-nın Yer Elmləri Bölməsinin, "Neft və Qaz" İnstitutunun Elmi şurasının üzvü kimi çalışmış, “Scientific Petroleum”, “SOCAR Proceedings” jurnallarının baş redaktoru, "ANAS Transactions. Earth Sciences" (AMEA-nın Xəbərləri, Yer elmləri) jurnalının baş redaktorunun müavini, "Azərbaycan Neft Təsərrüfatı" jurnalının redaksiya heyətinin üzvü, neft-qaz sənayesi sahəsində dünyanın aparıcı elmi jurnallarının eksperti olmuşdur.
Tanınmış alim, bacarıqlı elm təşkilatçısı, səmimi və qayğıkeş insan Bağır Süleymanovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!

