Təhsil İnstitutunun professoru ABŞ-də nəşr olunan elmi jurnalda rəyçi kimi təmsil olunacaq

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazırlanması (EPKH) şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor, Təhsilin İnformasiyalaşdırılması Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Qazaxıstan Pedaqoji Elmlər Akademiyasının və Rusiya Təhsil Akademiyasının xarici üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının əməkdar elm və təhsil xadimi Hümeyir Əhmədov beynəlxalq elmi nüfuza malik ABŞ-də nəşr olunan jurnala rəyçi (reviewer) kimi dəvət olunub.

Belə ki, beynəlxalq elmi nəşriyyat platforması olan Science Publishing Group-a məxsus “Higher Education Research” jurnalı ali təhsilin müxtəlif istiqamətlərini, təhsil elmləri və pedaqogika sahələrində aparılan aktual elmi tədqiqatları əhatə edən ixtisaslaşmış nüfuzlu elmi nəşrdir. Jurnal ali təhsil sistemlərinin təkmilləşdirilməsi, innovativ tədris metodologiyalarının tətbiqi, eləcə də akademik idarəetmə və təhsil siyasəti sahəsində aparılan qabaqcıl araşdırmaları dünya elmi ictimaiyyətinə təqdim edən açıq girişli (Open Access) beynəlxalq platforma kimi fəaliyyət göstərir.

“Higher Education Research” jurnalının əsas missiyası təhsil sahəsində çalışan alimlər, tədqiqatçılar, pedaqoqlar və qərarverici qurumlar arasında elmi biliklərin mübadiləsini təşviq etmək, elmi nəticələrin qlobal səviyyədə yayılmasını təmin etmək və ali təhsilin inkişafına töhfə verən elmi dialoqu genişləndirməkdir. Jurnal bu məqsədlə müasir elmi meyarlara cavab verən, innovativ yanaşmaları əks etdirən tədqiqat işlərinin ekspert qiymətləndirilməsinə xüsusi önəm verir.

Professor Hümeyir Əhmədovun belə bir nüfuzlu beynəlxalq elmi jurnala rəyçi seçilməsi onun elmi fəaliyyətinin, tədqiqat təcrübəsinin və pedaqogika elmləri sahəsində formalaşdırdığı elmi mövqeyin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bu fakt eyni zamanda Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi nüfuzunun güclənməsinə, institutun beynəlxalq elmi əməkdaşlıq imkanlarının genişlənməsinə və qlobal elmi-tədqiqat mühitində təmsilçiliyinin artmasına mühüm töhfə verir.

Jurnalın saytı: Higher Education Research (http://www.herjournal.net) http://www.herjournal.net/reviewers