Milli Məclisdə ABŞ Konqresi Nümayəndələr Palatasının üzvləri ilə görüş olub

Yanvarın 31-də Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri Milli Məclisdə olublar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ-la parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Azərbaycan–ABŞ münasibətlərinin tarixi, mövcud əməkdaşlıq istiqamətləri və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Vurğulanıb ki, bu gün əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi əzmi tərəflərin birgə bəyanatlarında və atılan praktiki addımlarda öz aydın ifadəsini tapır.

Vaşinqton sammitini dəyərləndirən komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin avqust ayında ABŞ-a işgüzar səfəri, bu əsnada aparılan danışıqlar, əldə olunan razılaşmalar və imzalanan sənədlərin əhəmiyyətini qeyd edərək bildirib ki, sözügedən razılaşmalar Azərbaycan ilə ABŞ arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıyıb. Vurğulanıb ki, bu sənədlər ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycan–Ermənistan sülh gündəliyi kontekstində də xüsusi rol oynayır və regionda sabitliyin, eləcə də əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir.

Söhbətdə “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu”nun əhəmiyyəti qeyd olunaraq bildirilib ki, Birləşmiş Ştatların dəstəyi ilə bu təşəbbüsün reallaşması Avrasiyanın nəqliyyat xəritəsini dəyişməklə yanaşı, daha geniş regionda əməkdaşlığın dərinləşməsinə də mühüm töhfə verəcək.

Görüş zamanı, həmçinin Azadlığa Dəstək Aktına 907-ci düzəlişin Azərbaycana münasibətdə ləğv edilməsinin əhəmiyyəti vurğulanaraq, bunun ikitərəfli münasibətlərin inkişafına, qarşılıqlı etimadın möhkəmlənməsinə və əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edəcəyi qeyd olunub.

Sonra Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev qonaqlara parlamentin səlahiyyətləri və onun fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar barədə məlumat verib. Bildirilib ki, parlamentin fəaliyyəti qanunvericilik təşəbbüslərinin müzakirəsi və qəbulu, parlament nəzarətinin həyata keçirilməsi və beynəlxalq parlamentlərarası əməkdaşlığın inkişafı istiqamətində ardıcıl və sistemli şəkildə qurulub.

Fərid Hacıyev çıxışında, həmçinin parlamentin strukturu, ölkədəki seçki sistemi, parlamentdə təmsil olunan partiyalar, mövcud komitə və komissiyaların fəaliyyətinə də toxunub. Qonaqlara deputatların fəaliyyətini tənzimləyən qanunlar, habelə qanun yaradıcılığı prosesi və bununla bağlı prosedur qaydaları barədə də məlumat verilib.

Amerika Birləşmiş Ştatları Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri çıxış edərək son dövrlər ABŞ–Azərbaycan münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, qarşılıqlı əməkdaşlığın dərinləşdiyini və parlamentlərarası dialoqun yeni səviyyəyə çatdığını məmnunluqla vurğulayıblar. Onlar bu müsbət dinamikanın davam etdirilməsinin hər iki tərəfin maraqlarına uyğun olduğunu bildiriblər.

Görüşdə iştirak edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, deputatlar Vüqar Bayramov, Erkin Qədirli, Sevinc Fətəliyeva və Gülşən Paşayeva qonaqları maraqlandıran sualları cavablandırıblar, Azərbaycan–ABŞ münasibətlərinin perspektivləri barədə fikirlərini bölüşərək, parlamentlərarası dialoqun genişləndirilməsinin qarşılıqlı etimadın möhkəmləndirilməsinə və ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyini vurğulayıblar.

Tədbirdə Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov, parlamentin struktur bölmələrinin rəhbərləri, ABŞ-ın ölkəmizdəki diplomatik korpusunun əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.