Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

Prezident İlham Əliyevin ölkədə qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq sərəncamına əsasən “Yerin təki haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb.

Bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında bildirib.

Bildirilib ki, aparılmış təhlillər, eləcə də yerin təkindən istifadə sahəsində mövcud problemlər və çatışmazlıqlar nəzərə alınmaqla istismardan sonraki mərhələdə rekultivasiya işlərinin aparılması, sözügedən sahəyə nəzarət edən dövlət qurumunun monitorinq və nəzarət mexanizminin təkminləşdirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla yerin təkindən istifadə ilə bağlı texniki təhlükəsizlik və tikinti, geoloji öyrənilmə, tədqiqat və sınaqların aparılması, mədənlərin bağlanması üzrə dövlət standartların hazırlanması və mineral-xammal ehtiyatlarından səmərəli istifadənin təmin olunması istiqamətində təkliflər verilib.

Təklif edilən dəyişiklik yerin təkinin istifadəsi sahəsində hüquqi tənzimlənmənin təkmilləşdirilməsi, təbii ehtiyatlardan səmərəli istifadə olunması, ekoloji təhlükəsizliyin gücləndirilməsi və dağ mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövrəyəyə cəlbi, bunun hüquqi əsaslarının dəqiqləşdirilməsi məqsədini daşıyır.//Azərtac