Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb

İntensiv yağıntılar nəticəsində fəsadların yarandığı Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)  bildirilib ki, hazırda ərazidə yaranmış problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir.

Görülən işlər çərçivəsində deformasiya olunmuş hissələrin bərpası, torpaq kütlələrinin təmizlənməsi, yol yatağının genişləndirilməsi, həmçinin xüsusi svayların vurulması ilə yol yatağının möhkəmləndirilməsi və dayanıqlığının artırılması istiqamətində tədbirlər görülür. Bununla yanaşı, sel sularının zədələdiyi suötürücü qurğuların və metal konstruksiyalı körpünün bərpası istiqamətində də müvafiq işlər aparılır.

Yağıntılı hava şəraitinin yarada biləcəyi risklərin minimuma endirilməsi məqsədilə əlavə qabaqlayıcı tədbirlər də həyata keçirilir.