Yaxın Şərq: dörd keçmiş imperiyanın yeni savaşı?

Son dövrlərdə ekspertlər Böyük Britaniyanın xarici siyasətində mümkün dəyişiklikləri təhlil etməyə və proqnozlaşdırmağa çalışırlar. O cümlədən Londonun Yaxın Şərq istiqamətində fəallaşa biləcəyindən bəhs edilir. Bu kontekstdə konkret olaraq London, Moskva, Ankara və Tehran xəttində geosiyasi fəallığın gözlənildiyi tezisi irəli sürülür. Bunun üçün müəyyən tarixi və geosiyasi əsaslar da mövcuddur. Böyük Britaniya Avropa İttifaqından çıxarsa, xarici siyasət məsələlərində müəyyən korrektələrin olması ehtimalı az deyil. Çox güman ki, bu baxımdan Yaxın Şərq istiqamətində London aktivlik göstərəcək. Eyni zamanda, onun təkbaşına hərəkət etməyəcəyi də qətidir. Bu aspektdə ekspertlər Böyük Britaniyanın Türkiyə, İran və Rusiya ilə müəyyən təmaslar qurmasının mümkünlüyündən yazırlar. Buna görə də məsələnin geosiyasi təhlili üzərində geniş dayanmağa ehtiyac görürük.

Tarix və müasirlik: imperiyaların maraqları dəyişibmi?

İndi ekspertlər Yaxın Şərqdə keçmiş böyük imperiyaların yeni savaşının başladığından yazırlar. Bəlkə də müasir mərhələdə geosiyasi mənzərəyə və dinamikaya "savaş" kəlməsinin işığında baxmaq bir dəbdir. Və bu halda da kimlərsə "orijinal" görünmək üçün "köhnə imperiyaların yeni savaşı" ifadəsini işlədirlər. Lakin məsələnin ritorik aspektindən daha dərində olan konkret proseslər də inkaredilməzdir.

Yaxın Şərqdə geosiyasi mənzərənin dəyişdiyi danılmazdır. Böyük oyunçular da məlumdur: ABŞ, Rusiya, Avropanın böyük dövlətləri, Çin, Türkiyə, İran və bir sıra böyük ərəb dövlətləri. Bu dairəni daha məhdud tərkibdə götürmək də olar: ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, İran və Türkiyə. Bir qədər də konkretləşdirsək, belə bir mənzərə alınır – ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə və İran!

Sonuncu konfiqurasiyada Böyük Britaniya bir qədər qeyri-adi görünür, çünki Avropa İttifaqından kənarda baxılır. Ekspertlərin "imperiyaların savaşı" ifadəsini də məhz bu faktora görə işlətdiklərini düşünmək olar. Çünki "Breksit"in fonunda bu, xeyli maraqlı və düşündürücü görünür. London Brüsseldən ayrılırsa, tarixən ciddi təsirə malik olduğu Yaxın Şərq siyasətində hansı düzəlişlər edə bilər? O, müstəqil güc kimi meydana atılırsa, həmin regionda hansı böyük güclərlə dialoqa və əməkdaşlığa gedə bilər?

Bu suallar Boris Consonun baş nazir seçilməsindən sonra ekspertlər üçün sanki daha da aktuallaşıb. B.Conson, obrazlı desək, siyasi aspektdə qalmaqallı fiqurdur. Ən azından, Donald Trampın simpatiyasının olduğu siyasətçi kimi ənənəvi siyasi elitanın "özününkü" sayılmır. B.Conson "Breksit"in sonlanmasında və Böyük Britaniyanın Aİ-dən çıxmasında çox maraqlıdır. Bu mövqeyinə görə də tənqid olunur. Lakin o, tərəddüd edən adam deyil və siyasi xəttini davam etdirir. Baş nazir olandan dərhal sonra bəyan edib ki, "Breksit" prosesini oktyabrın 31-nə qədər həll etmək lazımdır. Bunun üçün Brüssellə yeni saziş hazırlamaq gərəkdir.

Bunlar təbii ki, siyasi baxımdan maraqlı və aktualdır. Eyni zamanda, ekspertlər B.Consonun şəxsiyyəti ilə bağlı türk izini də vurğulayırlar. Daha konkret desək, onun tərcümeyi-halında "türk dosyesi"ni daha çox qabardır, B.Consonun ata tərəfdən dədəsinin türk olması faktına diqqət yetirirlər. Türkiyə siyasi dairələrində də bu məqama diqqət yetirilir. Bu səbəbdən ekspertlər Rəcəb Tayyib Ərdoğanın B.Consonu təbrikində Türkiyə ilə Birləşmiş Krallıq arasında münasibətlərin yaxşılaşmasına ümid etdiyini bildirməsində xüsusi məna axtarır və B.Consonun Osmanlı keçmişinə vurğu edirlər.

Burada ekspertlərin haqlı-olub olmadığını demək istəmirik. Lakin böyük dövlətlərdə qan qohumluğu faktorunun elə də rol oynamadığı məlumdur. Məsələn, D.Trampın da dədəsi almandır, lakin onun siyasətində "almançılıq"dan əsər-əlamət yoxdur. B.Consonun da türk dədəsi Mustafa Kamal Atatürkün həbsi haqqında qərar çıxaran adam olub. Bundan başqa, B.Conson uşaqlıqdan ingilis mühitində böyüyüb və onun həyat fəlsəfəsində türklüyün harada olduğu məlum deyil. Bütün bunların fonunda Böyük Britaniyanın dövlət maraqlarını qan qohumluğuna qurban verəcək hər hansı siyasətçinin İngiltərədə baş nazir ola biləcəyini ehtimal etmirik.

Bəs onda hansı səbəblərdən ekspertlər B.Consonla bağlı türk faktorunu qabartmağa çalışırlar? Görünür, burada başqa səbəblərlə yanaşı, B.Consona rəqib olan dairələrin onu vurmaq üçün türk məsələsini süni olaraq qabartmaları da vardır. Çünki Qərb siyasi və ictimai şüurunda "türk olmaq" bir çox hallarda düşmənə işləməklə eyniləşdirilir.

Fərqli şərtlər: yeni geosiyasi konfiqurasiyanın yaranması

Bunlara rəğmən, bizcə, məsələnin ciddi geosiyasi tərəfləri də mövcuddur. Bəli, Böyük Britaniya Avropa İttifaqında müstəqil davranacaqsa və Yaxın Şərqdə nüfuz sahibi olmaq istəyəcəksə, mütləq Türkiyə faktorunu Brüsseldən fərqli qiymətləndirməlidir. Birincisi, tarixən Böyük Britaniya və Osmanlı Yaxın Şərqin geosiyasi yapısını formalaşdırıblar. Köhnə məcraya yeni oyunlarla qayıdış istisna deyil.

İkincisi, Türkiyə hazırda Yaxın Şərqdə ciddi oyunçu olan Rusiya və İranla ortaq hərəkət edir. Lakin tamamilə onlarla deyil – Ankara Qərb faktorunu qətiyyən arxa plana atmır. Onun məqsədi müstəqil oyunçu kimi regionda marağını təmin etməkdir. Bu baxımdan həm Rusiya və İran, həm də artıq Böyük Britaniya üçün cəlbedicidir. Real və potensial güc baxımından da Türkiyə regionun lideridir. Onun siyasi-diplomatik və hərbi təsirindən başqa böyük tarixi təcrübəsi də var. Ankara Yaxın Şərqdə hər daşın altında nə olduğunu çox yaxşı bilir. Böyük Britaniya nəyə görə belə bir güclə dialoqa getməsin? Və əgər bunu B.Conson duya bilirsə, onda o, Ankaranın deyil, Londonun marağını gözləmiş olur.

Üçüncüsü, Türkiyə Böyük Britaniya üçün Moskva və Tehrana optimal çıxışdır. O səbəbdəndir ki, Böyük Britaniya daha çox antiqərb əhval-ruhiyyəli Rusiya və İranla daha çox Qərb əhval-ruhiyyəli Türkiyə ilə birlikdə münasibət qura bilər. Ankara da dəfələrlə bəyan edib ki, Yaxın Şərq siyasətinin dərin kökləri vardır və bütün mənzərəyə qlobal geosiyasi proseslərin özəllikləri prizmasından baxır. Bu məqamda Böyük Britaniya ilə Türkiyəni birləşdirən faktorlar az olmaya bilər.

Məsələnin başqa tərəfi Rusiyanın Böyük Britaniya və Türkiyə ilə münasibətlərinə bağlıdır. Skripal məsələsinə görə London və Moskva arasında soyuqluq mövcuddur. Son olaraq Tereza Mey ilə Vladimir Putin arasında ağır dialoq olmuşdu. B.Consonun T.Meylə müqayisədə Rusiyaya daha loyal münasibət göstərəcəyini düşünmək doğru olmazdı. Ancaq Yaxın Şərqdə həm Böyük Britaniyanı, həm də ABŞ-ı təmsil edə bilər. Fransızlar bu missiyanın öhdəsindən gələ bilmirlər. B.Conson isə D.Trampın məqsədlərini yaxşı anlayan və onları dəstəkləyən siyasətçi kimi Yaxın Şərqdə ab-havanı dəyişə bilər.

Təbii ki, Moskva Böyük Britaniyanın Aİ-dən xaric və ABŞ-dan fərqli Yaxın Şərq siyasəti yeritməsinə müsbət yanaşır. Bu əsasda iki böyük güc ortaq qənaətə gələ bilərlər. Bu, həm də Türkiyəni Aİ-dən kənarda tutmaq üçün Kremlə lazım gəlir. Bu o demək deyil ki, Yaxın Şərq məsələsində Böyük Britaniya-Türkiyə-Rusiya "üçlüyü"ndən danışmaq olar. Moskvanın maraqları baxımından Londonun Vaşinqtondan daha uyğun olması həm də İran məsələsinə görə inandırıcıdır. Amerikadan fərqli olaraq, Avropa ölkələri İrana daha yumşaq münasibət göstərirlər. Əslində, D.Tramp da İranla savaşdan çox danışıqlara üstünlük verməyə başlayıb. Deməli, Böyük Britaniya İran məsələsinə görə də ABŞ üçün maraqlı ola bilər.

Burada Avropa və Rusiyanın İranla Türkiyə arasında manevr etməyə çalışdıqları da vurğulanmalıdır. Nə Böyük Britaniya, nə də Rusiya istəməz ki, İran və Türkiyədən hər hansı biri qəti olaraq nüfuz sahibi olsunlar. Ankara və Tehran Avropa və Rusiyaya sərf edən miqyasda təsirə malik olsalar, daha yaxşı olar. Buna görə də London Tehran faktoruna ikincidərəcəli faktor kimi baxmaz.

Vurğulanan məqamlar onu göstərir ki, Yaxın Şərqdə ənənəvi olaraq təsir gücünə malik olmuş Böyük Britaniya, Türkiyə, Rusiya və İran yeni geosiyasi qüvvələr balansı yarada bilərlər. Onlar daha aktiv şəkildə regional proseslərə təsir edə bilərlər. Ancaq bu, hələlik nəzəri olaraq belə görünür. Konkret nəticənin necə olacağı məlum deyil.

Fikrimizcə, burada hadisələr daha çox B.Consonun yeridəcəyi siyasətdən asılı olacaq. Əgər "Breksit" onun nəzərdə tutduğu kimi oktyabrın sonuna başa çatsa, onda Londonun Yaxın Şərq siyasətində dəyişikliklər daha tez özünü göstərə bilər. Əks halda, qeyri-müəyyənlik qalmaqda davam edəcək. Bundan başqa, Suriyada proseslərin davamı da əhəmiyyətli olacaq. Türkiyə Suriyanın şimalında təhlükəsiz zona yaratmaqda qərarlıdır. Suriyaya Türkiyənin yeni hərbi müdaxiləsi dəngələri kökündən yeniləşdirə bilər. ABŞ-ın dəstəklədiyi radikal separatçı qurumların ağır zərbələr alması Rusiya və İran faktorunu da gücləndirmiş olur. Bu halda Londonun mövqeyi daha aktual görünəcək.

Beləliklə, Yaxın Şərqdə yeni geosiyasi küləklər əsir. Meydana fərqli bir geosiyasi güc çıxa bilər. Ancaq onun reallaşması bir çox faktorlardan asılı olduğundan, hələlik ehtimallarla danışmaq olar. Görünür, tədricən "bütün daşlar yerinə oturacaq"!

Newtimes.az