İxracatçıların diqqətinə: Beynəlxalq fitosanitar tələblərə ciddi əməl edilməlidir

Azərbaycanın bitkiçilik məhsullarının ixracı uğurla davam edir. Hazırda ölkəmizdən dünyanın 39-dan çox ölkəsinə müxtəlif bitkiçilik məhsulları ixrac olunur. İxrac dinamikasında müşahidə olunan müsbət artım Azərbaycan məhsullarına beynəlxalq bazarlarda artan etimadın göstəricisidir.

İxracın davamlı inkişafı və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi üçün ixracatçıların fitosanitar tələblərə ciddi əməl etməsi vacibdir. Bitkiçilik məhsulları, onların qablaşdırılması, etiketlənməsi və daşınması beynəlxalq standartların və idxalçı ölkələrin müəyyən etdiyi tələblərə uyğun olmalıdır.

Ölkəmizdə ixrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsul partiyalarına fitosanitar baxış keçirilir, laborator və vizual yoxlamalar aparılır. Tələblərə uyğun məhsullar müvafiq fitosanitar sertifikatla təmin edilir və ixracına icazə verilir.

İxracatçıların diqqətinə çatdırırıq ki, məhsul partiyaları formalaşdırılarkən məhsulun mənşəyi və ilkin istehsalçısı barədə məlumatlar düzgün bəyan edilməli, çeşidləmə keyfiyyətlə aparılmalı, aqrotexniki və aqrokimyəvi qulluq qaydalarına riayət edilməli, məhsullar idxalçı ölkələrin fitosanitar və keyfiyyət tələblərinə tam cavab verməlidir.

Xüsusilə qeyd edirik ki, ixrac zamanı istifadə olunan taxta altlıqlar və digər taxta qablaşdırma materialları Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasına əsasən təsdiq edilmiş Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standarta (ISPM 15) uyğun emal edilməli və müvafiq nişanla markalanmalıdır.

Bütün ixracatçıları beynəlxalq fitosanitar standartlara və milli qanunvericiliyin tələblərinə məsuliyyətlə əməl etməyə çağırırıq.

Tələblərə riayət edilməsi Azərbaycan məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına, yeni ixrac imkanlarının yaranmasına və ölkəmizin etibarlı ticarət tərəfdaşı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.