Dəfələrlə Avropa və dünya çempionu olan Vüqar Əzimov savat üzrə qitə birinciliyində çıxış edəcək

Dəfələrlə Avropa və dünya çempionu olan Vüqar Əzimov fransız boksu – savat üzrə Avropa çempionatında çıxış edəcək.

 Avropa çempionatı sentyabrın 10-12-də İtaliyanın Genova şəhərində təşkil olunacaq.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə çempionata qatılacaq idmançımız 90 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edəcək.

V.Əzimov çempionatda Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının prezidenti və böyük məşqçisi, respublikanın Əməkdar məşqçisi Rafiq Əliyevin rəhbərliyi altında mübarizə aparacaq.

Turnirdə V.Əzimovla yanaşı, daha 4 idmançımız qüvvəsini sınayacaq.

Yarışa ciddi hazırlaşdığını deyən V.Əzimov çempionatın gərgin idman mübarizəsi şəraitində keçəcəyini vurğulayıb.

Qeyd edib ki, rəqiblərim haqqında məlumatlıyam. Avropanın ən güclü savatçıları İtaliyaya toplaşacaq. Mən yalnız qələbə haqqında düşünürəm. Ümid edirəm ki, bu dəfə də uğurla çıxış edib, üçrəngli bayrağımızı dalğalandıracağam. Federasiya tərəfindən bizim üçün hər cür şərait yaradılıb. Çempionata ciddi hazırlıq prosesi keçmişəm. İnanıram ki, mükafatçılar sırasında yer alacağam.