FIFA, UEFA və WADA-nın Rusiya Futbol İttifaqına qarşı tələbləri yoxdur

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA), Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) və Dünya Antidopinq Agentliyinin (WADA) Rusiya Futbol İttifaqına (RFİ) qarşı tələbləri yoxdur. Bunu RFİ-nin kommunikasiyalar üzrə direktoru Kiril Melnikov TASS agentliyinə müsahibəsində bəyan edib.

 “Newsweek” jurnalının yazdığına görə, Moskva antidopinq laboratoriyasının məlumatları ilə manipulyasiyalar təsdiq ediləcəyi təqdirdə WADA sanksiyalara əl atarsa, Rusiya futbol yığması 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına buraxılmaya bilər.

Melnikov deyib: “Belə başa düşürük ki, indi suallar Rusiyada işləyən antidopinq strukturlarına yaranıb. FIFA, UEFA və WADA tərəfindən RFİ-yə qarşı heç bir tələb yoxdur. Ümidvarıq ki, Rusiya idmanı beynəlxalq yarışlarda heç bir məhdudiyyət olmadan təmsil olunacaq”.

WADA sentyabrın 23-də Rusiya Antidopinq Agentliyinin (RUSADA) təşkilatın qaydalarına əməl etməməsi məsələsinin nəzərdən keçirilməsi təşəbbüsünü irəli sürüb. Bunun üçün WADA-nın Moskva laboratoriyasının məlumat bazasında aşkar etdiyi dəyişikliklər əsas olub. WADA-nın müvafiqlik komitəsi RUSADA barədə qəti tövsiyəsini oktyabrın 23-də açıqlayacaq.

Qətərdə dünya çempionatı 2022-ci il noyabrın 28-dən dekabrın 18-dək keçiriləcək.